CROSSMEDIA - İstanbulda izdihamlı Fələstin mitinqi keçirilib
Xarici xəbərlər

İstanbulda izdihamlı Fələstin mitinqi keçirilib

Crossmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fələstin xalqına dəstək məqsədilə İstanbulda genişmiqyaslı mitinq təşkil edilib.  Türkiyə Gənclik Vəqfi tərəfindən keçirilən aksiyanın ilk mərhələsi Ayasofya Böyük Məscidi qarşısından başlayıb.

İştirakçılar sübh namazını Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyyə və Eminönü kimi tarixi məscidlərdə qıldıqdan sonra Galata Körpüsünə doğru irəliləyiblər. Aksiya boyunca Türkiyə və Fələstin bayraqları dalğalandırılıb, "Dünyanı oyadırıq", "Dünən Ayasofya, bu gün Əməvi, sabah Əl-Əqsa" və "Bir günəş doğur" kimi şüarlar səsləndirilib.

Milli İradə Platformasının təşkilatçılığı ilə Galata Körpüsündə davam edən mitinqdə 400-dən çox vətəndaş cəmiyyəti təşkilatının nümayəndələri iştirak ediblər. Çıxış edənlər Fələstindəki qətliamların dayandırılması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıblar.

Mitinq zamanı iştirakçılar tez-tez təkbir gətirib, "Qatil İsrail hesab verəcək", "Şəhidlər ölməz", "İstanbuldan Əqsaya dirənişə min salam" kimi şüarlar səsləndiriblər. İzdiham səbəbindən körpüyə çıxan yollar nəqliyyata bağlanıb. İştirakçılar əraziyə piyadə və ya qayıqlarla çatıb, aksiyanı geniş bir həmrəylik nümayişi ilə başa vurublar.

Nabat Fərzəliyeva

08:58 01.01.2025

Oxunuş sayı: 4726

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR