Əziz Səncərin uğuru Azərbaycanda böyük sevinc doğurdu
Türkiyəli alim, Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. Onun elmi fəaliyyəti və beynəlxalq uğurları Azərbaycan elmi ictimaiyyətində də böyük maraq və rəğbətlə qarşılanır. Onun Azərbaycanla, ölkəmizin elmi ictimaiyyəti və alimləri ilə uzun illərdir davam edən sıx əlaqələri bu münasibətin əsas səbəblərindən biridir. Əziz Səncərin Azərbaycan alimləri və gəncləri ilə mütəmadi əlaqələr saxlaması, müxtəlif universitet və elmi müəssisələrdə mühazirələrlə çıxış etməsi iki ölkənin elmi əlaqələrinin inkişafına mühüm töhfə verir. Onun qazandığı uğurlar yalnız şəxsi elmi nailiyyət kimi deyil, bütövlükdə türk dünyasının elm sahəsində əldə etdiyi mühüm nəticə kimi qiymətləndirilir. Nobel mükafatının elm dünyasında xüsusi nüfuza malik olması Əziz Səncərin uğurunu daha da əhəmiyyətli edir. Onun gənc alimlərin və tələbələrin elmi fəaliyyətə marağının artırılmasına göstərdiyi diqqət də xüsusi qeyd olunur. Azərbaycan ziyalıları Əziz Səncərin ölkəmizə olan münasibətini və Azərbaycan alimləri ilə əməkdaşlığını yüksək qiymətləndirirlər. Eyni zamanda, onun fəaliyyəti gənc nəslin elmə marağının artırılması və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından nümunə kimi göstərilir. Əziz Səncərin uğuru Azərbaycan və bütövlükdə Türk dünyasında elmə verilən dəyərin daha geniş şəkildə ifadə olunmasına xidmət edir.

Əməkdar elm xadimi Şahlar Əsgərov isə açıqlamasında bildirib ki, Əziz Səncərin elmi fəaliyyətində ictimai mənafeyə verdiyi önəm xüsusi diqqət çəkir: “Əziz Səncər düşüncəsinə və fəaliyyətinə görə ictimai mənafeyi müdafiə edən bir alimdir. Hətta aldığı Nobel mükafatından əldə etdiyi vəsaitin böyük bir hissəsini Amerikada türk gənclərinin təhsil almasına sərf edir. Azərbaycan da Türk dünyasının bir hissəsidir. Hesab edirəm ki, Əziz Səncərin belə bir ordenə layiq görülməsi çox yerində olan qərardır. Ona görə də Əziz Səncərin belə bir ordenə layiq görülməsi Türk dünyası üçün çox əhəmiyyətli hadisədir. Bunu yüksək qiymətləndirirəm, alqışlayıram və arzu edirəm ki, Əziz Səncər kimi insanlar bizdə çox olsun. Həmişə xoşbəxt olsun!”

Mövzu ilə bağlı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Əziz Səncərin Azərbaycan və Azərbaycan elmi ictimaiyyəti ilə sıx əlaqələri var:
“Əziz Səncərin Azərbaycan Milli Elmlər Akademiyası və bütövlükdə Azərbaycanla sıx bağlı olduğunu bilirik, ölkəmizə böyük hörməti var. Hətta o hesab edir ki, onun Nobel mükafatı alması Azərbaycanla, bu ölkədə gördüyü münasibət və əldə etdiyi imkanlarla da müəyyən mənada bağlıdır. O, həmişə çalışır ki, Azərbaycan alimləri və gəncləri ilə sıx əlaqələr qursun, onları elmə maraqlandırsın. Bir neçə dəfə universitetdə və akademiyada mühazirələr oxuyub, çıxışlarını dinləmişik. Bütövlükdə aydındır ki, onun bu uğuru Azərbaycan alimlərinin və vətəndaşlarının Nobel mükafatı arzusunun müəyyən mənada gerçəkləşməsi kimi qiymətləndirilə bilər. Səncərin – bizə çox yaxın olan bir insanın – bu mükafatı alması bizim sevincimizi daha da artırır".
Zeynəb Həsən
16:45 07.09.2026
Oxunuş sayı: 111