Rusiya Ermənistandan ordusunu çəkir - nə baş verir?
Rusiya-Ermənistan münasibətlərində gərginliyin artması fonunda Rusiyanın Ermənistandakı hərbi mövcudluğu yenidən gündəmə gəlib. Rusiya Prezidenti Vladimir Putin 102-ci hərbi bazanın Ermənistana lazım olmadığı təqdirdə ölkədən çıxarıla biləcəyini bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan isə bazanın ölkə üçün zəruri olmadığını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın Rusiyadan uzaqlaşması istiqamətində ardıcıl siyasət həyata keçirir:
“Paşinyan hakimiyyətə gələndən bəri qərbyönümlü siyasət aparır və Qərbin tələblərini həyata keçirməyə çalışır. Buna görə də Rusiyanın təsirindən qurtulmaq üçün bir sıra addımlar atıb. O cümlədən, Zvartnots hava limanından rus sərhədçilərinin çıxarılmasına nail oldu. Eyni zamanda, Ermənistan-Türkiyə və Ermənistan-İran sərhəd-buraxılış məntəqələrində xidmət aparan rus hərbçiləri çıxarılaraq onların yerinə Ermənistanın sərhəd qoşunları yerləşdirildi. Növbədə isə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası qalır. Bununla bağlı sentyabrın 1-də Bişkekdə Putinlə Paşinyan arasında söhbət zamanı Rusiya Prezidenti maraqlı açıqlama verdi və bildirdi ki, əgər Ermənistanın buna ehtiyacı yoxdursa, Rusiya hərbi bazanı çıxara bilər. Ancaq Rusiya ilə Ermənistan arasında imzalanmış müqaviləyə əsasən, 102-ci hərbi bazanın 2044-cü ilə qədər Ermənistanda qalması nəzərdə tutulur. Buna baxmayaraq, Putinin bu açıqlaması Paşinyana fürsət verib və hesab edirəm ki, o, 102-ci hərbi bazanın Ermənistandan çıxarılmasını istəyəcək. Bu, yaxın zamanlarda, hətta ilin sonuna qədər baş verə bilər”.
Politoloq qeyd edib ki, Azərbaycanın da Rusiya sülhməramlılarının vaxtından əvvəl ölkədən çıxarılması ilə bağlı mövqeyi analoji proseslərin mümkünlüyünü göstərir:
“Yada salaq ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycana gəlmiş və Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyi təmin etməli idi. Lakin sonradan onların fəaliyyəti ilə bağlı müxtəlif problemlər yarandı. Azərbaycan düzgün siyasət həyata keçirdi və torpaqlarımız azad edildikdən sonra sülhməramlı qüvvələrin vaxtından əvvəl çıxarılmasını tələb etdi. Putin də bununla razılaşdı. İndi isə Paşinyanın əlinə belə bir fürsət düşüb. Putinin özünün ‘Əgər sizə lazım deyilsə, biz bunu bu gün də çıxara bilərik’ məzmununda açıqlaması bu məsələdə Ermənistan üçün imkan yaradıb. Hesab edirəm ki, Paşinyan bundan yararlanacaq. Yaxın zamanlarda, o cümlədən Putinlə Moskvada keçiriləcək görüşdə bu məsələnin gündəmə gətiriləcəyi gözlənilir”.
E.Həsənov vurğulayıb ki, Ermənistanın Rusiyanın hərbi-siyasi təsirindən uzaqlaşması ölkənin xarici siyasət kursundakı dəyişikliklərlə paralel gedir:
“Paşinyan artıq 102-ci hərbi bazanın Ermənistana lazım olmadığını bildirib. Əgər Rusiyaya bu baza lazımdırsa, onu saxlamaqlarına etiraz etmədiklərini deyir. Lakin görünən odur ki, Ermənistan tərəfi bunun əleyhinədir. Paşinyan istəmir, çünki Qərb də bunu istəmir. Rusiyanın Cənubi Qafqazdakı son dayağı olan Ermənistandan qoşunlarını çıxarması Qərb üçün Rusiyanın regiondakı təsirinin zəifləməsi baxımından mühüm hadisə olacaq. Ona görə də hesab edirəm ki, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqından, həm də KTMT-dən çıxması məsələsi ilin sonuna qədər gündəmə gələ bilər. Ermənistan artıq Avropa İttifaqına inteqrasiya istiqamətində qanun qəbul edib. Putin də bu məsələdə Ermənistanda referendum keçirilməsinin vacibliyini bildirib və erməni xalqının mövqeyini ortaya qoymasını istəyir. Paşinyan isə bildirir ki, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqına üzv olarkən referendum keçirilməyib. Ona görə də hesab edirəm ki, referendum keçirilməyəcək və Ermənistan Rusiyanın hərbi qüvvələrinin ölkədən çıxarılmasını tələb edəcək.
Təbii ki, Rusiya-Ermənistan münasibətləri hazırda gərgindir. İndiki mərhələdə Rusiyanın Ermənistana təzyiq imkanları da əvvəlki qədər geniş deyil. Çünki Rusiya Ukrayna ilə müharibə aparır, eyni zamanda Avropa və NATO ölkələri Ukraynaya dəstək göstərirlər”.
Nuray Mehtiyeva
20:30 04.09.2026
Oxunuş sayı: 48