Hindistan ABŞ-la saziş üçün şərt irəli sürdü
Hindistan ABŞ-la ikitərəfli ticarət sazişinin yekunlaşdırılması üçün Vaşinqtondan rəqibləri ilə müqayisədə daha güzəştli tarif şərtləri tələb edir.
Crossmedia.az xəbər verir ki, “NDTV” bu barədə Hindistanın Ticarət və Sənaye naziri Piyuş Qoyalın açıqlamasına istinadən məlumat yayıb.
Qoyal bildirib ki, ABŞ Hindistana rəqiblərinə, o cümlədən Vyetnam və Banqladeşə tətbiq etdiyi tariflərdən daha əlverişli dərəcələr təqdim etdikdən sonra saziş yekunlaşdırılacaq və onun detalları açıqlanacaq.
Nazirin sözlərinə görə, Hindistanın əsas tələbi rəqib ölkələrə tətbiq olunan tariflərə bərabər və ya daha aşağı, bəzi hallarda isə sıfır tariflər əldə etməkdir.
Qoyal həmçinin qeyd edib ki, Hindistanın indiyədək yekunlaşdırdığı doqquz azad ticarət sazişinin hamısında ölkə üçün əlverişli şərtlər əldə olunub. Bu sazişlər arasında Böyük Britaniya, Yeni Zelandiya və Avropa İttifaqı ilə razılaşmalar da var.
Nazirin açıqlaması Hindistanın İran və Rusiya ilə uzunmüddətli ticarət əlaqələrini qorumaqla yanaşı, ABŞ-la münasibətlərini də balanslaşdırmağa çalışdığı bir vaxtda səslənib.
12:37 04.09.2026
Oxunuş sayı: 51