CROSSMEDIA - Cənubi Koreya Prezidentinə qarşı həbs tələbi irəli sürülüb
Xarici xəbərlər

Cənubi Koreya Prezidentinə qarşı həbs tələbi irəli sürülüb

Cənubi Koreya Prezidenti Yun Suk Yol haqqında “üsyan” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə həbs qərarı verilməsi tələb olunub.

Crossmedia.az “Haber Global”a istinadən xəbər verir ki, səlahiyyətlərinin dayandırılmasına səbəb olan hərbi vəziyyətlə bağlı aparılan istintaq aparılıb. İstintaq komissiyası Yun Suk Yolun ifadə vermək üçün edilən üç çağırışı da nəzərə almaması səbəbilə onun həbsini tələb edib. 
Məlumata görə, həbs tələbini Seul Regional Məhkəməsi qiymətləndirəcək. Bu, Cənubi Koreya tarixində impiçment prosesi davam edən prezident haqqında ilk dəfə həbs tələbi olması ilə diqqət çəkir.

Hərbi vəziyyət qərarı impiçment prosesinə səbəb olub.

Xatırladaq ki, prezident Yun Suk Yol, “müxalifətin dövlət əleyhinə fəaliyyət göstərdiyini” iddia edərək ölkədə hərbi vəziyyət elan edib. Lakin bu qərar Milli Məclisdə keçirilən səsvermə ilə ləğv olunub. Bunun ardından Yun geri addım ataraq hərbi vəziyyətin qüvvədən düşdüyünü elan edib. Müxalifət partiyaları isə bu qərarın qanunsuz olduğunu bildirərək prezidentin vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan impiçment təklifini Milli Məclisə təqdim edib. Təklifin qəbul olunması ilə Yun Suk Yolun səlahiyyətləri dayandırılıb və barəsində impiçment prosesi başlayıb.

Hazırda Prezident Yun “üsyan” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamları ilə bağlı istintaq altındadır. Onun istintaq komissiyasının üç dəfə ifadə vermək çağırışını rədd etdiyi də ictimaiyyətə açıqlanıb.

Fidan Hacızadə

06:57 30.12.2024

Oxunuş sayı: 5482

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR