Putin niyə sülhə getmir? – Rusiyanın müharibədəki strateji və ideoloji hesabları
Ukrayna ilə Rusiya arasında davam edən müharibə artıq bir neçə ildir ki, regionda siyasi və təhlükəsizlik gündəminin əsas məsələlərindən biri olaraq qalır. Müharibənin nə zaman başa çatacağı və tərəflərin sülh danışıqlarına nə dərəcədə hazır olduğu isə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibəni bitirmək istəmədiyini bildirib. Bəs Putin nə üçün müharibəni bitirmək istəmir? Müharibənin davam etməsində Rusiyanın hansı strateji, siyasi və ideoloji maraqları var?
Mövzu ilə bağlı politoloq Aydın Tağıyev Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Putin müharibəni bitirmək istəmir, çünki bunu həm strateji, həm siyasi, həm də ideoloji baxımdan Rusiyanın mövcudluğu və nüfuzunun qorunması üçün zəruri hesab edir:

“Çünki Rusiya NATO-nun genişlənməsini dayandırmaq və Ukraynanın Qərblə tam inteqrasiyasının qarşısını almaq istəyir. Burada əraziyə nəzarət Rusiya üçün vacib faktordur. Donbas, Krım və Qara dəniz sahillərində mövqeləri saxlamaq Moskva üçün hərbi və logistik üstünlük deməkdir”.
A.Tağıyev Putinin zaman keçdikcə Ukraynanın müqaviməti və Qərbin dəstəyinin zəifləyəcəyini hesab etdiyini qeyd edib: “Lakin heç bir müharibə qarşı tərəfə yüz faizlik nəticə vəd etmir. Digər aspektdən, Kremlin ilkin hədəfinin Kiyevdə Rusiyaya yaxın hökumət qurmaq olduğu görünürdü. Görünən odur ki, bunun heç də asan məsələ olmadığı müharibənin nəticələrindən ehtimal edilir. Hesab edirəm ki, bu cür davam edən müharibənin bitməsi hələlik ehtimal olaraq qalır, sual altındadır. Bu müharibə Rusiyanın gələcək statusu, daxili sabitliyi və tarixi iddialarının qorunması ilə bağlıdır. Müharibə Kremlin ideoloji və siyasi varlığının mərkəzinə çevrilib”.
Zərnigar Hüseynli
15:00 01.09.2026
Oxunuş sayı: 50