Mən dürüst adamamsa, heç kimə pul verməli deyiləm - Elçin Şıxlı
Regionlarda jurnalistika fəaliyyəti ilə bağlı zaman-zaman ciddi narazılıqlar və tənqidlər səsləndirilir. Xüsusilə peşə prinsiplərinə əməl etməyən, reportaj hazırlamaq, məlumat toplamaq və jurnalistikanın əsas qaydalarına riayət etmək bacarığı olmayan şəxslərin media adından istifadə etməsi sektora olan etimadı zədələyir. Bəzi hallarda isə jurnalist statusundan şəxsi maraqlar üçün istifadə edilməsi, müxtəlif qurumlara təzyiq xarakterli müraciətlərin edilməsi və hətta maddi tələb irəli sürülməsi kimi iddialar ortaya çıxır.
Bu cür hallar uzun illərdir peşəkar fəaliyyət göstərən, çətinliklərə baxmayaraq jurnalistikanın inkişafına töhfə verən insanların da nüfuzuna mənfi təsir göstərir. Bir neçə şəxsin fəaliyyəti səbəbindən bütün jurnalistlərin eyni yanaşma ilə qiymətləndirilməsi isə ədalətli deyil. Məhz buna görə media adından sui-istifadə, jurnalist etikası və peşə məsuliyyəti məsələlərinə daha ciddi yanaşılması vacibdir.
Bəs reket jurnalistikanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Crossmedia.az-a açıqlamasında bildirib ki, rüşvət alan və rüşvət verməyə hazır olan insanlar mövcud olduğu müddətdə reket jurnalistikasının kökünü kəsmək mümkün olmayacaq:

“Həmişə dediyim eyni fikri indi də təkrar edirəm: nə qədər ki, rüşvət alan və rüşvət verməyə hazır olan insanlar var, reket jurnalistikasının kökü kəsilməyəcək. Yəni rüşvətxorlar və rüşvətxorluq mövcud olduqca reket jurnalistlər də olacaq. Bu, kökündən kəsiləsi məsələ deyil. Özündən şübhələnən, özünə inanmayan və rüşvət verməyə hazır olan insanlar var olduqca, istəyirsiniz hansı qanunu qəbul edin, faydası olmayacaq – reketlik yenə işləyəcək. İstər bölgə olsun, istərsə də paytaxt, nə fərqi var?! Mənə kim deyə bilər ki, “Mənə pul ver, yoxsa səni biabır edəcəyəm”? Sizə elə bir şey deyə bilərlər? Xeyr”.
E.Şıxlı qeyd edib ko, elə ona görə də həmin təbəqədən olan insanlar durduqca bu problem qalacaq:
“Bizdə o qədər gözəl qanunlar var ki… Lakin onların hamısına riayət edən var? O qədər qanun var, rüşvətxorluq özü bir cinayətdir. Amma nə edəsən ölkə rüşvətxorlarla doludur. Sayt açıb onu işlətməyən sadəcə adından pis məqsədlər üçün istifadə edən adamların özləri birinci cinayətkar və rüşvətxordurlar. Onlara qarşı qanunlar mövcuddur, lakin qanunlar hər şeyi əhatə edə bilmir, bütün halların qarşısını almaq mümkün olmur. Əsas odur ki, insanların təfəkkürü düzgün olsun. Mənə zəng vurub “Pul ver” deyəndə bilməliyəm ki, o kimdir və mən nə üçün ona pul verməliyəm. Əgər mənim bir səhvim, qanunsuz əməlim və ya qorxacaq bir şeyim yoxdursa, dürüst adamamsa, deməli, heç kimə heç nə verməməliyəm. Məsələ bundan ibarətdir”.
Zərnigar Hüseynli
13:30 26.08.2026
Oxunuş sayı: 51