Zurabişvili iqamətgahdan çıxır: reallıqla barışacaqmı?
Gürcüstanda yeni seçilmiş prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi ərəfəsində artıq sabiq adlandıra biləcəyimiz prezidenti Salome Zurabişvili Prezident Sarayını tərk etməyəcəyini bəyan edib. Zurabişvili Saraydan verdiyi açıqlamada bildirib: “Mən buradayam, burada olacağam və gecəni burada keçirəcəyəm”. Qeyd edək ki, yeni prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
Mövzu ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Crossmedia.az-a bildirib ki, Salome Zurabişvili əvvəlki açıqlamalarında parlamenti, hökuməti və yeni seçilmiş prezidenti tanımadığını, Prezident Sarayını tərk etməyəcəyini bəyan etmişdi. Lakin onun son bəyanatları artıq reallıqlarla barışdığını göstərir: “Zurabişvili iqamətgahı tərk edəcəyini və etirazçılara qoşulacağını bildirib. Bununla belə, onun siyasi gücü məhduddur. O, düzgün prinsipləri dəstəkləsə də, müxalifətin lideri hesab edilə bilməz, çünki nə geniş ictimai dəstəyi, nə də siyasi karizması var. Üstəlik, yeni prezident və hökumət fəaliyyətə başladıqdan sonra Zurabişvilinin təsir gücü daha da azalacaq”.
E.Şahinoğlu qeyd edib ki, hazırkı etirazçılar əslində Zurabişvilinin tərəfdarları deyil: “Bu qruplar müxtəlif səbəblərlə hökumətin siyasətinə qarşı çıxanlardır. Müxalifət daxilində fikir ayrılıqları mövcuddur və bu səbəbdən onların uğur qazanmaq ehtimalı azdır”.
Politoloqun fikrincə, hazırkı etiraz dalğası zamanla səngiyəcək: “Salome Zurabişvili reallıqlarla barışmaq məcburiyyətindədir. Çünki nə onun, nə də etirazçı qrupların arxasında kifayət qədər güc və dəstək var”.
Maral Şahverdili
08:15 29.12.2024
Oxunuş sayı: 3564