Yay Fest 2026-nın "Mühəndislik və Kod" düşərgəsi başa çatıb
Şamaxıda təşkil edilən və süni intellekt və rəqəmsal inkişaf mövzusuna həsr olunan Yay Fest 2026-nın "Mühəndislik və Kod" düşərgəsi uğurla başa çatıb.
Crossmedia.az xəbər verir ki, 17-21 avqust tarixlərini əhatə edən düşərgə müddətində gənclər mühəndislik və texnologiya, proqramlaşdırma, süni intellekt və rəqəmsallaşan mühit ilə bağlı biliklərini genişləndirib, müxtəlif praktiki fəaliyyətlərdə iştirak edib, mütəxəssislərlə fikir mübadiləsi aparıb və komanda şəklində öz bacarıqlarını sınayıblar.
Çadır formatında təşkil edilmiş düşərgənin açılışında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Rafael Hacıbəyli çıxış edərək rəqəmsallaşan mühitdə "Yay Fest"in gənclərin yeni bilik və bacarıqlar qazanması, şəbəkələşməsi və yaradıcı düşüncə tərzlərinin formalaşması baxımından yaratdığı imkanlardan bəhs ediblər.
Düşərgənin 5 günlük proqramı çərçivəsində gənclərin dövlət rəsmiləri və rəqəmsal texnologiyalar üzrə mütəxəssislərlə görüşləri təşkil olunub. Gənclər və idman nazirinin müavini İndira Hacıyeva ilə görüş zamanı süni intellekt və rəqəmsallaşmanın gənclər üçün yaratdığı imkanlar, yeni texnologiyaların müasir dövrdə rolu və gənclərin bu proseslərdə iştirakı müzakirə olunub. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilə görüşdə isə gənclər müasir beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik çağırışları və təhlükəsizlik məsələlərinin xarici siyasətdə rolu ətrafında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Düşərgə proqramının iştirakçılar üçün maraqlı olan hissələrindən biri də Gənclər üçün Prezident Mükafatına layiq görülmüş şəxslərin iştirakı ilə keçirilən panel müzakirəsi olub. NAYORA-nın sədri Rafael Hacıbəylinin moderatorluğu ilə baş tutan panel görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" İctimai Birliyinin sədri Məryəm Məcidova və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Leyla Həsənova iştirak ediblər. Müzakirə zamanı spikerlər karyera trayektoriyalarındakı uğurları, şəxsi və peşəkar inkişaf yollarında qazandıqları təcrübələri gənclərlə bölüşüb, onlara gələcək fəaliyyətləri üçün dəyərli tövsiyələr veriblər.
Sentyabrın 4-dək davam edəcək festival çərçivəsində "Rəqəmsal Dövlət", "Media və Rəqəmsal Savadlılıq", "Kreativ AI", "Müasir Şəhərlər və Texnologiya", "Elm, Etika və Gələcək", "Mühəndislik və Kod", "Startap və Sahibkarlıq" və "AI – İdman və Sağlamlıq" adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.
Xatırladaq ki, Yay Fest 2026 Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
15:47 22.08.2026
Oxunuş sayı: 69