CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: hərbi robotlar

00:12 13.10.2026

Cənubi Koreya hərbi əməliyyatları robotlara həvalə etməyə hazırlaşır

55

Cənubi Koreya Müdafiə Nazirliyi təhlükəli hərbi əməliyyatları yerinə yetirə bilən robot sistemlərinin hazırlanması məqsədilə ölkə ordusunun ilk süni intellekt transformasiyası mərkəzini istifadəyə verib. Crossmedia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Paytaxt Seulun cənubundakı Panqyo şəhərində yerləşən mərkəzdə insanabənzər və çoxayaqlı robotlar qabaqcıl süni intellekt modelləri əsasında təlim keçəcəklər. Açılış mərasimində elm və sənaye nazirliklərinin nümayəndələri də daxil olmaqla 150-yə yaxın rəsmi şəxs iştirak edib. Bildirilib ki, robotların təhlükəli ərazilərə hərbi təchizatın daşınması, partlayıcı sursatların zərərsizləşdirilməsi və minaların təmizlənməsi kimi əməliyyatlara cəlb olunması nəzərdə tutulur. Əsas məqsəd hərbçilərin həyatına təhlükə yaradan tapşırıqlarda insan iştirakını minimuma endirməkdir. Nazirliyin məlumatına görə, layihə çərçivəsində ölkə üzrə beş süni intellekt transformasiyası mərkəzinin yaradılması planlaşdırılır. Onlardan biri Seulun Yonsan rayonunda yerləşən Birləşmiş Qərargah Rəisləri Komitəsinin qərargahında fəaliyyət göstərəcək. Müdafiə Nazirliyi həmçinin özəl texnologiya şirkətləri ilə əməkdaşlığı genişləndirərək kommersiya məqsədilə hazırlanmış süni intellekt sistemlərinin hərbi əməliyyatlara inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Qeyd edək ki, Cənubi Koreyanın hərbi sahədə avtomatlaşdırmaya üstünlük verməsinin əsas səbəblərindən biri doğum səviyyəsinin azalması fonunda orduda şəxsi heyət çatışmazlığının artmasıdır. Ölkə daha az hərbçi ilə müdafiə qabiliyyətini qorumaq məqsədilə süni intellekt və robot texnologiyalarının tətbiqini genişləndirir. Cənubi Koreya orduda süni intellektin tətbiqini genişləndirməklə təhlükəli əməliyyatların robotlar vasitəsilə həyata keçirilməsini və hərbi qulluqçuların təhlükəsizliyinin artırılmasını hədəfləyir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR