Sürücülərin diqqətinə: Avtomobiliniz buna görə yana bilər
Avtomobil yanğınları son vaxtlar diqqət çəkən məsələlərdən birinə çevrilib. Belə hadisələr həm sürücülər, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Xüsusilə hərəkətdə olan avtomobilin qəfil alışması sürücünün hadisəyə müdaxilə etmək imkanlarını məhdudlaşdıra və daha ciddi nəticələrə səbəb ola bilər.
Nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, avtomobillərin yanmasının əsas səbəblərindən biri səhlənkarlıq və texniki məsələlərə məsuliyyətsiz yanaşmadır: “Avtomobilin yanmasının əsas səbəblərindən biri səhlənkarlıq və texniki məsələlərə səhlənkar yanaşmadır. İstismar müddəti başa çatmış və ya uzun müddət istifadə olunan nəqliyyat vasitələrinə texniki xidmət göstərilərkən bu məqamlar nəzərə alınmalıdır. Məsələn, 10 ildən artıq istismar olunan nəqliyyat vasitələrində istehsalçının nəzərdə tutduğu texniki vasitələrdən istifadə edilməlidir. Həmçinin avtomobildə hər hansı qəza, hətta kiçik qısaqapanma baş veribsə, nəqliyyat vasitəsi mütləq elektrik diaqnostikasından keçirilməlidir. Ümumiyyətlə, avtomobil yanğınlarının iki əsas səbəbi var: yanacaq və elektrik sistemi. Bu sistemlərin hər hansı birində nasazlıq yarandıqda avtomobilin alışması mümkündür. Son zamanlar elektrik və hibrid avtomobillər də geniş yayılır. Bu nəqliyyat vasitələri nisbətən yeni olduğundan belə halların onların arasında nəzərəçarpacaq dərəcədə çox olduğunu demək mümkün deyil. Lakin elektrik mənbəyi olan istənilən texniki vasitə potensial təhlükə mənbəyidir”.

A.Əsədov qeyd edib ki, 10 ildən artıq istismar olunan avtomobillərdə sonradan, qeyri-peşəkar üsullarla quraşdırılmış texniki vasitələr də təhlükə yarada bilər: “Buna işıq sistemləri, səs gücləndiricilər, maqnitofon, dinamiklər və digər əlavə avadanlıqlar daxildir. Bəzən avtomobilin elektrik cərəyanının zəif olduğu düşünülür və bunu aradan qaldırmaq üçün əlavə naqillər və ya kütlə bağlantıları quraşdırılır. Bu cür müdaxilələr düzgün aparılmadıqda yanğın təhlükəsi yarada bilər. İstismar müddətini başa vurmuş nəqliyyat vasitələrində kabel və elektrik xətləri də mütləq yenilənməlidir. Bunun maliyyə baxımından nə qədər xərc tələb etməsindən asılı olmayaraq, bu iş görülməlidir. Əks halda problem yaranması ehtimalı artır. Son vaxtlar həvəskar ustaların, işi tam bilməyən şəxslərin özlərini bu sahədə peşəkar kimi təqdim etməsi də ciddi problemlərə səbəb olur. Bunun nəticəsini isə göz qabağında görürük: böyük faciələr və qarşısıalınmaz problemlər meydana çıxır. Avtobuslarda da məsul şəxslərin, o cümlədən dispetçer və elektrik təsərrüfatına cavabdeh şəxslərin məsuliyyətsizliyi problemlərin əsas səbəblərindən biri ola bilər. Bir sözlə, avtomobil elektrik sistemindəki nasazlıq səbəbindən də, yanacaq sızması nəticəsində də yana bilər. Bəzən yanacaq borularında, xüsusilə çəndən gələn xəttdə sızma yaranır. Yanacaq çənləri, əsasən, avtomobilin arxa hissəsində yerləşir və yanacaq boru vasitəsilə mühərrikə ötürülür. Təmir zamanı təhlükəsizlik qaydalarına riayət olunmadıqda həmin xətlərdə zədələnmə və sızma baş verə bilər. Sızan yanacağın asfalt və ya digər səthlə təması zamanı adi sürtünmə və ya kiçik qığılcım belə avtomobilin alışması üçün kifayət edə bilər. İsti havalarda asfaltın və ətraf səthin temperaturunun yüksək olması da əlavə risk yaradır. Səhlənkarlıqdan danışarkən avtomobildə yay aylarında dezodorant, ətir, alışqan, sərinləşdirici və qoxu spreylərinin saxlanılmasına da diqqət yetirmək lazımdır. Bu vasitələrin bəzilərinin tərkibində sıxılmış qaz olur və yüksək temperaturun təsiri ilə partlama riski yarana bilər. Hətta avtomobilin akkumulyatorunun klemması çıxarılsa belə, nəqliyyat vasitəsində yanacaq və digər təhlükəli vasitələr qalırsa, yanğın riski tam aradan qalxmır. Məsələn, avtomobildə alışqan və ya digər bu kimi vasitələr yüksək temperaturun təsiri ilə təhlükə yarada bilər. Buna görə də bu cür əşyalardan, xüsusilə isti havalarda, avtomobildə saxlanılmasından mütləq şəkildə çəkinmək lazımdır”.
Zərnigar Hüseynli
18:00 13.08.2026
Oxunuş sayı: 51