Açıqlandı: Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb
Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Rusiyanın Qara dənizdəki əsas hərbi dayaqlarından biri olan Novorossiysk hərbi-dəniz bazasına zərbə endirib. Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşən bazaya hücum zamanı “Palyanitsya” reaktiv dronları, “Neptun” raketləri və pilotsuz dəniz sistemlərindən istifadə olunub.
Zelenski hava hücumundan müdafiə mövqelərinin, liman körpülərinin və digər infrastrukturun vurulduğunu bildirib. Ukrayna tərəfi əməliyyatı Rusiyanın Qara dənizdəki hərbi imkanlarına qarşı strateji əhəmiyyətli addım kimi qiymətləndirir. Hücum nəticəsində bir sıra hərbi gəmilərin də zərər gördüyü barədə məlumatlar yayılıb.
Hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukraynanın Rusiyanın Qara və Azov dənizlərindəki gəmilərinə endirdiyi zərbələr Moskvanın həm hərbi, həm də iqtisadi imkanlarına ciddi təsir göstərir: “Ukraynanın son vaxtlar Rusiyanın həm Krımdakı, həm Azovda, həm də Qara dənizdəki gəmilərinə, həm hərbi, həm də mülki gəmilərinə endirdiyi zərbələr, əlbəttə ki, Rusiya iqtisadiyyatına çox böyük zərbələr endirir. Bunun həm hərbi anlamda, həm də iqtisadi anlamda Rusiya üçün çox böyük əhəmiyyəti var”.

Ekspert qeyd edib ki, Rusiya artıq hərbi dəniz donanmasını əvvəlki səviyyədə qoruya bilmir: “Rusiya artıq özünün hərbi dəniz donanmasını da qorumaq gücündə deyil. Hava hücumundan müdafiə sistemləri Ukrayna dronları qarşısında əvvəlki tək duruş gətirə bilmirlər. Çünki texnologiyalar müasirləşdirilib, metodlar yenilənib. Ona görə də bu proses günü-gündən dərinləşir, genişlənir”.
U.Cəfərov Ukraynanın Rusiya ərazisində strateji əhəmiyyət daşıyan obyektlərə zərbələr endirməsini də müharibənin yeni mərhələsi kimi qiymətləndirib: “Son vaxtlar Ukraynanın ardıcıl olaraq “Wildberries” komplekslərini, anbar komplekslərini sıradan çıxarması bəzilərinə bir qədər qəribə görünür. “Wildberries”in Rusiya üçün, iqtisadiyyatı üçün, hərbisi üçün çox böyük strateji əhəmiyyəti var. Ona görə də tərəflər bir-birinin strateji hərbi obyektlərini sıradan çıxardırlar ki, həm müqavimət göstərə bilməsin, həm də onun hərbi potensialını azaltsınlar”.
Hərbi ekspert bildirib ki, Ukraynanın Novorossiyskdəki hərbi bazaya zərbəsi Rusiya donanmasının imkanlarını daha da zəiflədə bilər: “İndi Ukrayna Novorossiyskdəki o strateji əhəmiyyətli hərbi bazanı da vurmaqla Rusiya donanmasının gücünü bir qədər də zəiflədir. Müharibənin gedişatına gəldikdə isə hər iki tərəf ağır dağıntılar, ağır itkilərlə üzləşir, hər gün bu proses davam edir. 1632 gündür, səhv eləmirəmsə, bu müharibə davam edir və müharibənin tezliklə bitəcəyini də heç kim proqnozlaşdırmır”.
U.Cəfərovun sözlərinə görə, Qara və Azov dənizlərində Rusiya üçün çətin vəziyyət yaranıb: “Müharibənin tezliklə bitəcəyinə dair hər hansı element nə görünür, nə də hiss olunur. Ona görə də həm Qara dənizdə, həm Azov dənizində Rusiya üçün çox çətin dönəm yaşanır. Mən elə gəlir ki, bu ilin avqust və sentyabr aylarında hadisələrin daha hansı məcrada inkişaf edəcəyini görəcəyik”.
Ekspert Ukraynanın yeni ballistik raketlərdən istifadəsinin müharibənin gedişinə təsir göstərə biləcəyini düşünür: “Hər halda artıq Ukrayna yeni ballistik raketlərini istifadə etmək istəyir. O raketlərin istifadəsindən dərhal sonra Rusiya, demək olar ki, məcburiyyət qarşısında qalacaq və danışıqlar masasına keçməli olacaq”.
U.Cəfərov hesab edir ki, Rusiyanın hazırkı vəziyyətlə bağlı açıqlamaları reallığı tam əks etdirmir: “Bu günlər Rusiya deyir ki, hər şey onun düşündüyü kimi gedir, əslinə qalsa hər şey elə də deyil. Rusiya sadəcə olaraq həm nüvə dövləti olduğuna görə, həm də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olduğuna görə bu məsələni elə də ciddiyə almır. Amma vəziyyət həqiqətən də ciddidir və qarşıdakı həftələrdə, aylarda Ukraynanın Rusiyaya qarşı təzyiqləri bir qədər də şiddətlənəcək”.
Nigar Xəlilli
16:33 13.08.2026
Oxunuş sayı: 59