Azərbaycan Milli QHT Forumu BMT-nin Ətraf Mühit Proqramında (UNEP) rəsmi müşahidəçi statusu qazandı
Azərbaycan Milli QHT Forumu (AMQF) Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramında (UNEP) və onun idarəedici orqanlarında rəsmi müşahidəçi statusu ilə akkreditasiyadan keçib.
Crossmedia.az xəbər verir ki, UNEP-in İdarəetmə Məsələləri Ofisinin Direktoru və İdarəedici Orqanların Katibi Radhika Ochalik tərəfindən imzalanmış 27 iyul 2026-cı il tarixli rəsmi məktuba əsasən, Azərbaycan Milli QHT Forumunun təqdim etdiyi müraciət və müvafiq sənədlər hərtərəfli qiymətləndirildikdən sonra təşkilata UNEP sistemində müşahidəçi statusu verilmişdir. Bu status AMQF-yə BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) və onun yardımçı orqanlarının bütün açıq iclas və sessiyalarında müşahidəçi qismində iştirak etmək hüququ qazandırır.
AMQF İdarə Heyətinin sədri Ramil İskəndərlinin fikrincə, bu mühüm qərar Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq müstəvidə nüfuzunun artmasının və ölkənin qeyri-hökumət təşkilatlarının qlobal qərarqəbuletmə proseslərində iştirak imkanlarının daha da genişlənməsinin növbəti təsdiqidir.
Qazanılmış akkreditasiya AMQF-yə qlobal ekoloji gündəliyin formalaşdırılması proseslərini yaxından izləməyə, ətraf mühit, iqlim dəyişikliyi, dayanıqlı inkişaf, biomüxtəlifliyin qorunması və digər aktual məsələlər üzrə beynəlxalq müzakirələrdə iştirak etməyə, Azərbaycan vətəndaş cəmiyyətinin mövqeyini beynəlxalq platformalarda təqdim etməyə imkan verəcəkdir.
UNEP-in məktubunda həmçinin qeyd olunur ki, akkreditə olunmuş təşkilatlar hər dörd ildən bir fəaliyyətləri barədə UNEP Katibliyinə hesabat təqdim etməli və təşkilatın fəaliyyətində UNEP-in prosedur qaydalarına riayət etməlidirlər.
Azərbaycan Milli QHT Forumu bu akkreditasiyanı ölkəmizin vətəndaş cəmiyyətinin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi istiqamətində mühüm nailiyyət kimi qiymətləndirir və UNEP çərçivəsində fəaliyyətini ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf məqsədlərinin təşviqi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində davam etdirəcəyini bildirir.
17:16 28.07.2026
Oxunuş sayı: 75