Rusiya "öz ayağına sıxdı": Ciddi işçi çatışmazlığı ilə üzləşəcək
Rusiyada əmək miqrantları ilə bağlı miqrasiya qaydaları daha da sərtləşdirilir. Prezident Vladimir Putinin imzaladığı yeni qanun miqrantların gəlir səviyyəsinə, ailə üzvlərinin ölkədə qalma şərtlərinə və iş icazələrinin uzadılması qaydalarına yeni tələblər müəyyən edir.
2026-cı il oktyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklər gəliri müəyyən olunmuş minimum həddən aşağı olan miqrantların həm iş, həm də Rusiyada yaşamaq imkanlarına birbaşa təsir göstərəcək. Yeni qaydaların xüsusilə ailəli miqrantlar üçün əlavə hüquqi və sosial nəticələr doğuracağı gözlənilir.

Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-a açıqlamasında bildirib ki, Rusiya kimi geniş əraziyə malik və işçi qüvvəsinə ehtiyacı olan bir dövlət üçün miqrantlara qarşı sərt yanaşma doğru seçim deyil:
"Rusiya kimi böyük əraziyə və geniş iqtisadi potensiala malik ölkənin miqrantlara qarşı sərt siyasət yürütməsi doğru addım deyil. Rusiya iqtisadiyyatının inkişafında miqrant əməyinin mühüm rolu var. Şəhər təsərrüfatından xidmət sektoruna, bazarlardan tikintiyə qədər bir çox sahə məhz miqrantların fəaliyyəti hesabına işləyir".
T.Abbaslı bildirib ki, söhbət yalnız azərbaycanlılardan deyil, həm də Orta Asiya və digər postsovet ölkələrindən gələn əmək miqrantlarından gedir:
"Bu insanlar uzun illərdir Rusiyada yaşayır və çalışırlar. Onlar dilə, mədəniyyətə və mövcud sosial mühitə müəyyən qədər uyğunlaşıblar. Şərtlərin ağırlaşdırılması nəticəsində isə ölkəni tərk etməyə məcbur qalacaqlar. Bunun nəticəsində Rusiya ucuz əmək qüvvəsini itirəcək və ciddi işçi çatışmazlığı ilə üzləşəcək".
Partiya sədri hesab edir ki, bu boşluğu digər ölkələrdən gətiriləcək işçilərlə doldurmaq da asan olmayacaq:
"Məsələn, Hindistandan işçi qüvvəsinin cəlb olunması müzakirə edilir. Lakin həmin insanların nə rus dilini bilməsi, nə də Rusiya ilə ortaq tarixi və mədəni bağlılıqları var. Buna görə də onların cəmiyyətə inteqrasiyası postsovet məkanından gələn miqrantlarla müqayisədə daha çətin olacaq".
T.Abbaslının fikrincə, sərt miqrasiya siyasəti yalnız iqtisadi deyil, sosial və siyasi riskləri də artıracaq:
"Bu siyasət qeyri-rus xalqlara qarşı mənfi münasibətin daha da güclənməsinə, radikal meyillərin artmasına səbəb ola bilər. Rusiyanın tərkibində çoxsaylı qeyri-rus xalqlar yaşayır və bu amil gələcəkdə ölkə üçün əlavə siyasi problemlər yarada bilər".
O, vurğulayıb ki, mövcud geosiyasi şəraitdə miqrasiya siyasətinin sərtləşdirilməsi Rusiyanın maraqlarına uyğun görünmür:
"Hazırkı ağır şəraitdə Rusiyanın miqrasiya siyasətini daha da sərtləşdirməsinin məntiqini görmürəm. Bu addımlar qısa müddətdə müəyyən nəticə versə belə, uzunmüddətli perspektivdə həm iqtisadiyyata, həm də ölkənin daxili sabitliyinə ciddi zərbə vura bilər".
Nigar Xəlilli
16:00 27.07.2026
Oxunuş sayı: 47