Rusiya yalnız bu halda danışıqlara gedəcək- Açıqlandı
Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı beynəlxalq çağırışlar yenidən gündəmə gəlib. Son günlər Ukrayna tərəfi bir daha hazırkı cəbhə xətti boyunca atəşkəsin elan olunmasına və diplomatik danışıqların başlanmasına hazır olduğunu bəyan edib. Bu mövqe Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müharibənin dayandırılması ilə bağlı çağırışından sonra yenidən diqqət mərkəzinə çıxıb. Bununla belə, Kreml hələ də əvvəlki mövqeyindən geri çəkilmir və müharibənin başa çatması üçün irəli sürdüyü şərtləri dəyişmir. Ekspertlər hesab edirlər ki, cəbhədə formalaşan yeni reallıqlar, Ukraynanın artan hərbi imkanları və Rusiyanın üzləşdiyi itkilər artıq danışıqlar prosesinin şərtlərini də dəyişdirib. Onların fikrincə, hazırkı vəziyyətdə münaqişənin taleyi yalnız diplomatik təşəbbüslərdən deyil, eyni zamanda tərəflərin hərbi və iqtisadi imkanlarından da asılı olacaq.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Natiq Miri bildirib ki, Ukrayna müharibənin əvvəlindən bəri sülh tərəfdarı olub və müxtəlif təkliflərlə çıxış edib: "Dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə görüş təklif olunub. Bunu istəməyən Rusiyadır. Doğrudur, Türkiyənin vasitəçiliyi ilə İstanbul görüşləri baş tutdu və müəyyən mənada tərəflər arasında yaxınlaşma ab-havası yaranmışdı. Ancaq sonradan proses dayandı. İndiki vəziyyətdə bütövlükdə münaqişənin xarakteri dəyişib. Ukrayna daha da güclənib, müasir dronların texnoloji inkişafı və istehsalında artıq Rusiyanı qabaqlayıb. Pilotsuz uçuş aparatları bu gün həm cəbhədə Rusiyanın hücumlarını dayandırmağa, həm də ona böyük itkilər verməyə imkan yaradır. Digər tərəfdən, Ukraynanın istehsal etdiyi uzaqmənzilli raketlər və dronlar vasitəsilə Rusiyanın neft emalı zavodları, enerji infrastrukturu, hərbi sənaye kompleksinə aid müəssisələr, aerodromlar və təyyarələr vurulur. Rusiyanın təchizat yolları da demək olar ki, Ukraynanın nəzarətindədir. Bu isə logistika və təminat baxımından Rusiyaya ciddi çətinliklər yaradır. Ona görə də bugünkü Ukraynanın mövqeyi artıq 2022-ci ildəki danışıqlar dövründəki mövqelə müqayisə edilə bilməz. Ukrayna daha güclü mövqedən çıxış edir. Əgər əvvəllər Rusiya ilə ABŞ arasında müəyyən fikir yaxınlığı var idisə və Ukraynanın Donetsk vilayətinin işğal olunmayan hissəsini Rusiyaya verməsi kimi variantlar müzakirə edilirdisə, bu gün vəziyyət dəyişib. Ukrayna belə təklifləri qəbul etmir və bu reallığı artıq Qərb, o cümlədən ABŞ da qəbul edir. Bu isə o deməkdir ki, sülh danışıqları olacaqsa, onların şərtləri də dəyişəcək. Amma Rusiya yenə də köhnə şərtlərində israr edir, Donetsk vilayətinin bütün ərazisini istəyir və işğal etdiyi digər əraziləri geri qaytarmaq niyyətində olmadığını bildirir. Buna görə də Ukraynanın cəbhə xətti boyunca atəşkəs və sülh danışıqlarına başlamaq təklifləri hələlik birtərəfli razılıq olaraq qalır. Çünki Rusiya bunu qəbul etmir. Son olaraq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də belə bir təkliflə çıxış etmişdi. Lakin Kreml bunu qəbul etmədi. Əksinə, guya Ukraynanın buna hazır olmadığını bildirdilər. Halbuki Ukrayna müharibənin ilk günündən sülhdən yana siyasət yürüdür və paralel olaraq Rusiyanın iqtisadiyyatına, maliyyə imkanlarına və hərbi potensialına ciddi zərbələr endirməyə davam edir. Ona görə də növbəti sülh təklifinin də havada qalacağı ehtimalı yüksəkdir. Ukrayna sadəcə beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, münaqişənin davam etməsinin əsas səbəbi Rusiyanın işğalçı siyasətidir".
O, bildirib ki, Rusiyanı real danışıqlara yalnız hərbi və iqtisadi təzyiq məcbur edə bilər: "Rusiyanın razılaşa biləcəyi şərtlər onun verəcəyi itkilərlə əlaqədardır. Rusiyanın daxilində neft emalı zavodları, enerji infrastrukturu, hərbi sənaye müəssisələri və maliyyə imkanları tükənəcək vəziyyətə gətirilməlidir ki, Ukrayna da hazırda bunu edir. Eyni vəziyyət cəbhədə də müşahidə olunur. Hər ay 30-35 minə yaxın Rusiya canlı qüvvə itirir. Burada məhv edilən hərbi texnikalar hələ nəzərə alınmır. İtkilər artdıqca və Rusiya daxilində müharibəyə qarşı ictimai narazılıq, siyasi-hərbi elita arasında etirazlar formalaşdıqca Vladimir Putin reallığı qəbul edib danışıqlara məcbur ola bilər. Çünki Putin bu gün müharibənin davamını öz hakimiyyətinin davamı kimi qiymətləndirir. Müharibənin başa çatması isə Rusiyanın çoxsaylı problemlərlə üzləşməsi və bunun Putinin hakimiyyəti üçün ciddi təhlükələr yaratması deməkdir. Buna görə də Qərbin iqtisadi sanksiyaları, Ukraynanın dron və raket zərbələri, eyni zamanda cəbhədə Rusiyaya vurulan itkilər paralel şəkildə davam etməlidir. Putinin anladığı dil gücdür. Rusiya maliyyə baxımından müharibəni davam etdirmək imkanına malik olduğu müddətdə bu siyasətini davam etdirəcək. Hələlik isə Rusiya sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilərindən sonra genişmiqyaslı səfərbərliyə hazırlaşır. Bu isə müharibənin davam etdirilməsi niyyətindən xəbər verir. Hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək".
Zeynəb Həsən
15:30 27.07.2026
Oxunuş sayı: 70