ABŞ-İran gərginliyi yeni mərhələyə keçir: Tərəflər son "kartlarını oynayır"
İran və ABŞ arasında davam edən hərbi-siyasi qarşıdurma fonunda həm diplomatik, həm də hərbi müstəvidə aktivlik artır. Bölgədə baş verən son proseslər tərəflərin mümkün ssenarilərə hazırlaşdığı barədə müzakirələri gücləndirib. Mövzu ilə bağlı Crossmedia.az-a danışan siyasi şərhçi Pərviz Mirizadə bildirib: "Hadisələr artıq yeni mərhələyə daxil olur.

İran və Birləşmiş Ştatlar arasında davam edən hərbi gərginlik artıq yeni mərhələyə keçid edir. Görüntü etibarilə, hər iki tərəfdə genişmiqyaslı müharibəyə hazırlıq işləri görülür. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgəyə ciddi sayda hərbi birləşmə və texnika cəmləşdirir, İran isə ilk dəfə quru əməliyyatlarına hazırlıq olaraq qüvvələrin rotasiyasını həyata keçirir. Hərbi hazırlıqla paralel diplomatik hərəkətlilik də ən üst səviyyədədir. Bu mənada Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin Tehrana gözlənilən səfəri və paralel olaraq İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-a planlaşdırılan səfəri fırtına öncəsi hazırlıq prosesinin son konturları kimi qiymətləndirilməlidir".
O bildirib ki, Vaşinqton və Tehran çəkişməsi iki fərqli qütbün mübarizəsi kimi xarakterizə olunmalıdır: "Hər iki tərəfdə müharibənin davam etməsində maraqlı olan qüvvələr kifayət qədərdir və onların hər biri məsələyə öz milli maraqları baxımından yanaşır. Rusiya ABŞ-nin yeni hərbi kampaniyaya başlamasını həm Ukrayna müharibəsində hərbi manevr imkanı, həm də qlobal enerji bazarında yeni fürsət kimi qiymətləndirir. Bu səbəbdən Moskva müəyyən qədər gərginliyin artmasında maraqlıdır. Çin isə qlobal liderlik iddiaları və Tayvan məsələsi fonunda ABŞ-ın nəticəsi qeyri-müəyyən olan İran müharibəsinə cəlb edilməsini məqsədəuyğun hesab edir. Bu baxımdan Pekinin İranın yanında yer alması təsadüfi deyil və söhbət yekunda Qlobal Cənubun mövqeyindən gedir.Təxminən eyni rasional yanaşma İsrail üçün də keçərlidir. İsrail İranın tamamilə zəiflədilməsini və Yaxın Şərqdə maneəsiz hərəkət imkanının əldə olunmasını Tramp administrasiyasının mövcudluğu və siyasi yanaşması fonunda tarixi fürsət kimi qiymətləndirir. Mövcud mürəkkəb dinamika təsadüfi deyil. Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini və yekun nəticələrin necə olacağını zaman göstərəcək. Bununla belə, hazırkı mərhələdə bölgədə ciddi qüvvələr disbalansı müşahidə olunmur və hər iki tərəf hərbi baxımdan çəkindiricilik imkanlarını qoruyub saxlayır".
Zeynəb Həsən
12:00 27.07.2026
Oxunuş sayı: 70