Cəmi 38 dəqiqə davam edən müharibə: Tarixin ən qısa savaşı necə baş verdi?
Tarixdə illərlə davam edən qanlı müharibələr çox olub. Lakin elə bir münaqişə də var ki, cəmi 38 dəqiqə davam edib və dünyanın ən qısa müharibəsi kimi tarixə düşüb. Söhbət 27 avqust 1896-cı ildə Böyük Britaniya ilə Zənzibar Sultanlığı arasında baş vermiş Anqlo-Zənzibar müharibəsindən gedir.
XIX əsrin sonlarında Zənzibar Hind okeanında mühüm strateji mövqeyə malik idi. Ada həm ticarət yollarının kəsişməsində yerləşir, həm də zəngin resurslara sahib idi. 1890-cı ildən etibarən Zənzibar Böyük Britaniyanın protektoratına çevrilmişdi. Sultan formal olaraq hakim sayılsa da, siyasi və hərbi nəzarət faktiki olaraq Britaniyanın əlində idi.
Müharibənin başlamasına səbəb 1896-cı ilin avqustunda Britaniyaya yaxınlığı ilə seçilən Sultan Həməd bin Tüveyninin vəfatı oldu. Onun ölümündən sonra əmisi oğlu Xalid ibn Bərqaş Britaniyanın razılığı olmadan özünü sultan elan etdi. İngiltərə isə taxtda Həmud bin Məhəmmədi görmək istəyirdi.
Xalid hakimiyyətini möhkəmləndirmək üçün sarayı istehkamlaşdırdı, minlərlə silahlı tərəfdar topladı və artilleriya ilə silahlandı. Buna cavab olaraq Böyük Britaniya ona ultimatum göndərdi. Ultimatumda bildirilirdi ki, 27 avqust saat 09:00-a qədər taxtdan imtina etməsə, hərbi əməliyyat başlanacaq.
Xalid ultimatumu rədd etdi.
27 avqust 1896-cı ildə saat 09:02-də Britaniya Kral Donanmasının gəmiləri Zənzibar sarayını artilleriya atəşinə tutdu. Güclü bombardman nəticəsində saray qısa müddətdə dağıdıldı, Zənzibarın yeganə hərbi gəmisi batırıldı və Britaniya dəniz piyadaları sahilə çıxaraq demək olar ki, ciddi müqavimətlə üzləşmədən irəlilədi.
Müxtəlif mənbələrdə döyüşün 38-45 dəqiqə davam etdiyi göstərilsə də, tarixə 38 dəqiqəlik müharibə kimi düşüb.
Döyüş zamanı təxminən 500 zənzibarlı həlak olub və ya yaralanıb. Britaniya tərəfi isə cəmi bir nəfər itki verib.
Məğlubiyyətdən sonra Xalid ibn Bərqaş Almaniya konsulluğuna sığınaraq ölkədən qaçıb. Britaniya isə öz namizədi Həmud bin Məhəmmədi sultan elan edib və bununla da Zənzibar üzərində nəzarətini daha da gücləndirib.
Tarixçilərin fikrincə, Anqlo-Zənzibar müharibəsi təkcə dünyanın ən qısa müharibəsi deyil, həm də XIX əsrin sonlarında Avropa imperiyalarının Afrikadakı üstünlüyünü nümayiş etdirən simvolik hadisələrdən biridir.
Zənzibar 10 dekabr 1963-cü ilə qədər Britaniyanın protektoratı olaraq qaldı. Həmin tarixdə ada müstəqillik əldə edərək Britaniya Millətlər Birliyinin üzvünə çevrildi.
Nigar Xəlilli
20:20 24.07.2026
Oxunuş sayı: 67