Rusiya-Ukrayna savaşı daha da alovlanacaq - İddia
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar siyasətini davam etdirməsi və yeni məhdudiyyətlərin gündəmə gəlməsi Moskvanın iqtisadi imkanları ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Son illərdə tətbiq olunan sanksiyalar xüsusilə Rusiyanın enerji ixracına, maliyyə sektoruna və müxtəlif iqtisadi istiqamətlərinə ciddi təsir göstərib. Bununla yanaşı, Rusiya alternativ bazarlara yönəlməklə iqtisadi itkiləri minimuma endirməyə çalışır. Ekspertlər hesab edirlər ki, sanksiyalar Rusiyanın iqtisadiyyatını tam çökdürməsə də, onun resurslarını tədricən zəiflətmək gücünə malikdir. Eyni zamanda, Ukraynaya göstərilən hərbi və maliyyə dəstəyi də müharibənin gedişinə təsir edən əsas amillərdən biri kimi qiymətləndirilir. Bəs yeni sanksiyalar Rusiyanın iqtisadi və hərbi potensialına necə təsir göstərə bilər? Mövcud vəziyyət yaxın perspektivdə müharibənin taleyini dəyişə bilərmi?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Fikrət Sadıqov bildirib: "Rusiyanın iqtisadiyyatını tam çökdürmək mümkün olmasa da, onu zəiflətmək olar. Hazırda bunun əlamətləri artıq görünür. Burada sanksiyaların rolu böyükdür. Çünki Rusiyanın əsas neft və qaz istehlakçısı Avropa İttifaqı idi. Hazırda isə onlar bu resurslardan imtina edir, üstəlik Rusiyanın müxtəlif iqtisadi istiqamətlərinə qarşı əlavə sanksiyalar tətbiq edirlər. Bu da Rusiyanı daha da zəiflədə bilər. Düzdür, hazırda kölgə iqtisadiyyatı müəyyən mənada fəaliyyət göstərir və Rusiya Hindistana, Türkiyəyə, Çinə neft sata bilir. Hələlik bu imkan qalır. Amma belə dava m edərsə, gələcəkdə bu amil də aradan qalxa bilər. Bu isə ilk növbədə müharibənin daha da alovlanmasına gətirib çıxaracaq. Çünki Ukrayna daha da güclənəcək, ona maliyyə və hərbi dəstək göstərilir, müasir silahlar verilir və artıq Ukrayna özü də bir sıra dronları istehsal edir. Digər tərəfdən, Rusiya ilə Qərb arasında münasibətlər son dərəcə gərgindir və bu gərginlik davam edir. Baxmayaraq ki, Rusiya ABŞ-la münasibətləri ayrıca formata salmağa çalışır, mən düşünmürəm ki, nazirlər və ya digər rəsmilər səviyyəsində keçirilən görüşlər ABŞ-nin Qərbdən fərqli mövqe tutmasına gətirib çıxarsın".
Onun fikrincəRusiya hələ uzun müddət sanksiyalar altında yaşayacaq: "Üstəlik, gələcəkdə yeni sanksiyaların tətbiqi də mümkündür. Bu məhdudiyyətlər ayrı-ayrı şəxsləri, müəssisələri, eləcə də konkret infrastruktur və hərbi xarakter daşıyan obyektləri də əhatə edə bilər. Görünən odur ki, müharibə davam edəcək və daha da alovlanacaq. Əgər hansısa güzəştlər gündəmə gəlməzsə, bu müharibənin yaxın perspektivdə başa çatacağı da görünmür".
Zeynəb Həsən
18:30 24.07.2026
Oxunuş sayı: 61