ABŞ-İran müharibəsində əsas hədəf Çindir - Ekspert
Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi mövcudluğunu artırması, xüsusi əməliyyat qüvvələri və hərbi təyyarələri bölgəyə yerləşdirməsi İrana qarşı genişmiqyaslı əməliyyatların bərpa olunacağı ehtimalını pik nöqtəyə çatdırıb.

Vaşinqtonun bu gedişatının pərdəarxası məqamları və qlobal nəticələri barədə politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib.
O, bildirib ki, Tramp administrasiyası hərbi əməliyyatları bərpa etmək üçün artıq zəmin yaradıb:
"Tramp administrasiyası Yaxın Şərqdəki hərbi-siyasi böhrana münasibətdə çoxvektorlu strategiya yürüdür. Bir tərəfdən sülhdən danışılır, digər tərəfdən isə İranla hesablaşmanın vacibliyi bəyan edilir. Əldə olunan atəşkəs memorandumu zatən qısamüddətli xarakter daşıyırdı. Atəşkəs dövründə Vaşinqton elə bir taktika yürütdü ki, İran hərbi əməliyyatların bərpası üçün bəhanələr verməli oldu. Amerikalı hərbçilərin həlak olmasından sonra Ağ Ev cəmiyyətə əsgərlərin qisasının alınmalı olduğunu təbliğ edir. Məhz bu bəhanədən istifadə olunaraq müharibə bərpa olunmaq üzrədir. Hazırda endirilən qısamüddətli zərbələrin yaxın vaxtlarda genişmiqyaslı savaşa keçmə ehtimalı böyükdür".
E.Xalidbəyli vurğulayıb ki, ABŞ-nin Yaxın Şərqdəki hərbi həmlələrinin əsl strateji hədəfi Tehran deyil, Pekindir:
"Burada əsas hədəf sadəcə İran deyil, Çindir. Pekinin iqtisadi və ticari blokadaya alınması istiqamətində ardıcıl addımlar atılır. Çinin ana enerji təchizatçılarından olan Venesueladan sonra, indi də Pekin üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazı nəzarət altına alınır. Böyük ehtimalla, bundan sonrakı onilliklərdə Hörmüz boğazına Birləşmiş Ştatlar təkbaşına nəzarət edəcək. Çünki Vaşinqton İranı bu regionda müdaxilə edə bilməyəcək dərəcədə zəiflətməyi hədəfləyib. Nəticədə Çin həm Hörmüz boğazı üzərindən ticarət və enerji imkanlarını, həm də İran kimi önəmli tərəfdaşını itirəcək.
Birləşmiş Ştatların İran ərazisində zərbə endirdiyi obyektlərin koordinat6ları da bunu təsdiqləyir. Aydın görünür ki, ABŞ-İran qarşıdurmasının əsas hədəfləri Yaxın Şərqdən kənardadır. ABŞ və Çin arasında qlobal məkanda səhnəarxası böyük bir savaş gedir. Müharibənin getdiyi İranla birbaşa həmsərhəd olduğumuz üçün bu gərginlik Cənubi Qafqazda da geopolitik situasiyanı gərginləşdirir".
Fatimə Cabbarlı
17:00 24.07.2026
Oxunuş sayı: 53