Ukraynanın planı üzə çıxacaqdı: Rusiya dalana dirənir
Rusiya-Ukrayna müharibəsi üçüncü ilini geridə qoysa da, cəbhədə vəziyyət hələ də gərgin olaraq qalır. Son günlər Ukraynanın mümkün yeni Rusiya hücumlarının qarşısını almaq məqsədilə səfərbərlik imkanlarını genişləndirəcəyi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Eyni zamanda, Rusiyanın yeni diviziyalar və briqadalar formalaşdırdığı, əlavə canlı qüvvə topladığı barədə məlumatlar yayılır. Hər iki tərəfin insan resurslarını artırmaq cəhdləri müharibənin növbəti mərhələsinin necə inkişaf edəcəyi ilə bağlı sualları artırır. Bununla yanaşı, hərbi ekspertlər hesab edirlər ki, müasir müharibələrdə təkcə canlı qüvvənin say üstünlüyü həlledici rol oynamır. Silah təminatı, hava hücumundan müdafiə sistemləri və texnoloji üstünlük də döyüş meydanında əsas amillərdən hesab olunur. Bəs Ukraynanın əlavə səfərbərlik planı cəbhədə qüvvələr balansını dəyişə bilərmi? Rusiyanın yeni qüvvələr formalaşdırması hansı məqsədə xidmət edir və yaxın aylarda cəbhədə hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, 500 min nəfəri səfərbər etmək Ukrayna üçün kifayət qədər çətin vəzifədir: "istənilən halda, Rusiya kimi böyük imkanlara malik bir ölkə ilə müharibəni davam etdirmək üçün Ukraynanın əlavə insan resurslarına böyük ehtiyacı var. Amma müharibənin taleyini yalnız səfərbərliklə həll etmək mümkün deyil. Qüvvələr balansını ərazidə dəyişmək mümkündür. Lakin müharibədə real olaraq Rusiya üzərində qələbə qazanmaq üçün təkcə şəxsi heyətin səfərbərliyə cəlb edilməsi kifayət etmir. Bunun üçün bir neçə mühüm amil var və onlar paralel şəkildə həll olunmalıdır. Yalnız bundan sonra cəbhədəki vəziyyət radikal şəkildə Ukraynanın xeyrinə dəyişə bilər. Bura ilk növbədə Ukraynaya vəd edilən kritik silahların, aviasiya vasitələrinin və hava hücumundan müdafiə sistemlərinin verilməsi daxildir. Şəxsi heyət nə qədər çox olsa belə, onun fəaliyyəti havadan qorunmayacaqsa, burada nailiyyət əldə etmək elə də asan olmayacaq. Rusiyanın yeni qüvvələr formalaşdırması prosesi isə əslində dayanmayıb. Baxmayaraq ki, Rusiya Ukraynadan bir neçə dəfə artıq insan ehtiyatına malikdir, bu gün cəbhədəki şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün həbsxanalarda olan və müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş şəxslərdən istifadə etməyi planlaşdırır. Digər tərəfdən isə Rusiya başqa ölkələrdən daha çox muzdlular cəlb etməklə işğalçı müharibəni davam etdirməyə çalışır. Payıza qədər olan perspektivdə Rusiya-Ukrayna müharibəsində əməliyyat şəraitində ciddi dəyişikliklər gözlənilmir".
Müsahibimiz söyləyib ki, Ukraynanın müharibəni Rusiyanın dərinliklərinə daşımaq planları bir qədər də genişlənəcək: "Rusiyanın hücumları bəzi istiqamətlərdə cüzi nəticələr verə bilər. Lakin bu, ümumi əməliyyat şəraitinə ciddi təsir etməyəcək. Zaman-zaman Rusiya Ukrayna zərbələrinə qarşı müəyyən planlar hazırlasa da, bu planların ciddi nəticəsi olmayacaq. Əksinə, Rusiya ərazisində məhv edilən obyektlərin sayında ciddi artım müşahidə olunacaq".
Zeynəb Həsən
16:00 23.07.2026
Oxunuş sayı: 34