ABŞ hərəkətə keçdi: Türkiyə Rusiyanı itirir
Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin gələcək taleyi yenidən Ankara-Vaşinqton münasibətlərinin əsas müzakirə mövzularından birinə çevrilib. ABŞ ilə münasibətlərdə normallaşma fonunda S-400-lərin mümkün reeksporutu və bunun F-35 proqramına təsiri ilə bağlı müzakirələr yeni geosiyasi suallar doğurur.

Politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Türkiyəyə yeni qırıcı təyyarələr verməsi Ankara ilə Moskva arasındakı münasibətlərə müəyyən təsir göstərə bilər:
"ABŞ-nin Türkiyəyə yeni qırıcı təyyarələr verməsi ilk növbədə Türkiyə-Rusiya münasibətlərinə müəyyən mürəkkəblik gətirəcək. Çünki Rusiya S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyəyə satarkən hesab edirdi ki, Ankara gələcəkdə Moskvanın maraqlarına daha yaxın mövqe nümayiş etdirəcək. Lakin Türkiyə NATO-nun aparıcı üzvlərindən biridir və bu, onun Rusiya ilə daha yaxın münasibətlər quracağı anlamına gəlmir".
Ekspertin sözlərinə görə, Ankara üçün əsas prioritet F-35 proqramına yenidən qoşulmaqdır:
"Əslində, Türkiyə F-35 qırıcılarının da ölkəyə verilməsini istəyir. ABŞ tərəfi də buna prinsip etibarilə etiraz etmir. NATO sammiti zamanı Donald Tramp da bu istiqamətdə müsbət mövqe sərgilədiyini bildirmişdi".
F.Sadıqov hesab edir ki, S-400 məsələsinin həlli F-35 proqramı ilə bağlı prosesə təsir göstərə bilər:
"Türkiyənin S-400 sistemlərini üçüncü tərəfə satması variantı da müzakirə olunur. Bu sistemlərin ABŞ-in razılığı ilə başqa ölkəyə ötürülməsi F-35 proqramına qayıdış prosesini sürətləndirə bilər".
Politoloq vurğulayıb ki, son proseslər Türkiyənin NATO daxilindəki strateji mövqeyini bir daha nümayiş etdirir:
"Türkiyə bununla bir daha göstərdi ki, NATO-nun aparıcı ölkələrindən biri olaraq qalır. Ankara bundan sonra da Rusiya və digər dövlətlərlə münasibətlərini davam etdirsə də, ABŞ-lə strateji əməkdaşlığını gücləndirməyə və NATO çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə üstünlük verəcək".
Nigar Xəlilli
15:20 23.07.2026
Oxunuş sayı: 31