Paredes və Molinanı ağır cəzalar gözləyir – Səbəb məlum oldu
Dünya Çempionatının (DÇ) finalından sonra İspaniya və Argentina millilərinin futbolçuları arasında baş verən kütləvi insident və FIFA İntizam Komitəsinin məsələ ilə bağlı araşdırmaya başlaması idman ictimaiyyətinin diqqət mərkəzindədir. Milyonlarla azarkeşin gözü qarşısında yaşanan xoşagəlməz görüntülər və futbolçuları gözləyən ehtimal olunan cəzalar barədə idman jurnalisti Hidayət Qurbanov Crossmedia.az-a açıqlama verib.

O, bildirib ki, FIFA kadrları zorakı davranış kimi qiymətləndirərsə, futbolçuları ciddi cəzalar gözləyir:
"İlk növbədə qeyd edilməlidir ki, dünya futbolunun zirvə turniri sayılan DÇ-nin finalından sonra belə xoşagəlməz mənzərənin yaşanması böyük təəssüf doğurur. Hadisənin iştirakçıları sıradan futbolçular deyil, illərdir ən yüksək səviyyədə çıxış edən, böyük təcrübəyə sahib ulduzlardır. Belə oyunçuların bütün dünyanın gözü qarşısında bu cür hərəkətlərə yol verməsi heç bir halda qəbul edilə bilməz.
Videokadrlarda Leandro Paredesin Erik Qarsiya və Qaviyə, Molinanın isə Rodriyə zərbə endirdiyi sübuta yetirilərsə, FIFA İntizam Komitəsi bunu birbaşa zorakı davranış kimi qiymətləndirəcək. Artıq nüfuzlu idman nəşrlərində FIFA-nın bu insidentlə bağlı rəsmi araşdırmaya başlaması haqqında xəbərlər yayılıb və sözügedən görüntülər əsas sübut kimi istifadə olunacaq. Hadisənin əsas səbəbkarları olan Paredes və Molina davranışlarına görə en azı 2-3 oyunluq diskvalifikasiya edilə bilərlər. Lakin insidentin daha ağır olduğu sübuta yetirilərsə, bu cəza 4, 5, 6 və ya daha çox oyuna qədər artırıla bilər. Təbii ki, böyük məbləğdə pul cərimələrinin də tətbiq edilməsi gündəmdədir".
H.Qurbanov vurğulayıb ki, Argentina futbolçuları məğlubiyyətlə barışa bilmədikləri üçün emosiyalarına yeniliblər:
"Açığı, final oyunu futbol baxımından gözlənilən səviyyədə alınmadı və maraqsız keçdi. Azarkeşlər daha gərgin və baxımlı mübarizə gözləyirdilər. Bunun üzərinə final fitindən sonra yaşanan insidentlər matçın müzakirəsini tamamilə başqa istiqamətə apardı. Mənə elə gəlir ki, Argentina futbolçuları bu məğlubiyyəti tam qəbul edə bilmədilər. Finalda uduzmaq çox ağırdır, bunu başa düşmək olar. Amma peşəkar futbolçu məhz belə məqamlarda soyuqqanlılığını qorumalıdır. Emosiyalara uduzmaq nə məğlubiyyəti dəyişir, nə də komandaya hər hansı fayda verir. Əksinə, həm komandanın nüfuzuna zərbə vurur, həm də DÇ-nin finalı kimi möhtəşəm bir matçın yaddaşlarda mənfi qalmasına səbəb olur".
Fatimə Cabbarlı
20:00 23.07.2026
Oxunuş sayı: 43