Yaxın Şərqdə “sular nə zaman durulacaq?”- Açıqlandı
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə livanlı həmkarı Cozef Aunla görüşü zamanı İranın danışıqlara maraq göstərdiyini bildirməsi Vaşinqton-Tehran münasibətlərində yeni diplomatik ehtimalları gündəmə gətirib. Trampın "mənasız görüşlər keçirmək istəmirik" açıqlaması isə ABŞ-in mümkün danışıqlar üçün konkret nəticə gözləntilərinin olduğunu göstərir.

Siyasi şərhçi Elçin Alıoğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Livanın cənubunda yaranmış vəziyyət hələ də ciddi narahatlıq doğurur:
"Livandakı vəziyyətə nəzarət məsələsi hazırda ciddi suallar doğurur. Çünki ölkənin cənubu faktiki olaraq "Hizbullah"ın təsir dairəsində qalır və həmin ərazilərdə hərbi əməliyyatlar davam edir. ABŞ, Fransa və İranın vasitəçiliyi ilə əldə olunmuş razılaşmalara baxmayaraq, İsrail ordusu Livanın cənubunda əməliyyatları dayandırmayıb”.
E.Alıoğlunun sözlərinə görə, hərbi əməliyyatların rəsmi məqsədi ilə faktiki nəticələri arasında ciddi fərq var:
"Rəsmi olaraq əməliyyatlar "Hizbullah"ın hərbi infrastrukturunun məhv edilməsi məqsədi daşısa da, yaşayış məntəqələri, yollar, körpülər, xəstəxanalar, məktəblər və digər mülki obyektlər də dağıdılır".
Ekspert qeyd edib ki, hazırkı qarşıdurmanın əsası ötən ilin payızında qoyulub:
"Bu qarşıdurmanın əsası ötən ilin payızında "Hizbullah"ın İsrailin şimalını raket atəşinə tutması ilə qoyuldu. Qarşılıqlı hücumlar nəticəsində İsrailin şimalında yaşayan təxminən 1,2 milyon nəfər evlərini tərk etmək məcburiyyətində qaldı".
Siyasi şərhçinin fikrincə, tərəflər arasında əldə olunan razılaşmaların icrası hələ də ciddi problemlərlə müşayiət olunur:
"İsrail bəyan edib ki, razılaşmalar çərçivəsində Livanın cənubunda bufer zonaların yaradılması prosesi başlayıb. Buna əsasən, İsrail qoşunları bəzi yaşayış məntəqələrini tərk edir, həmin ərazilərə isə Livan ordusu yerləşdirilir. Ordunun əsas vəzifəsi minaların təmizlənməsi, partlamamış sursatların aşkarlanması və dağıntıların qiymətləndirilməsidir. Bununla belə, təhlükəsizlik səbəbi ilə yerli sakinlərin həmin ərazilərə qayıtmasına hələ də icazə verilmir".
E.Alıoğlu bildirib ki, Livan tərəfi İsrailin irəli sürdüyü təhlükəsizlik arqumentlərini qəbul etmir:
"Livan tərəfi bildirir ki, təhlükəsizlik arqumenti reallığı əks etdirmir. Çünki İsrail qoşunları geri çəkilərkən yaşayış məntəqələrinin böyük hissəsini dağıdıb, yolları sıradan çıxarıb və ərazilərdə mina təhlükəsi yaradıb. Hətta Livan ordusu bəzi ərazilərə daxil olmağa çalışarkən İsrail hərbçilərinin xəbərdarlıq atəşi açdığı da bildirilir".
Ekspert vurğulayıb ki, Beyrut üçün ölkənin cənubuna nəzarətin bərpası təkcə hərbi deyil, həm də siyasi əhəmiyyət daşıyır:
"Bu gün Livanın Baş naziri Nəvaf Salam cənubdakı yaşayış məntəqələrindən birinə səfər edərək İsrail qoşunlarının tam çıxarılmasını tələb edib. Beyrut üçün Livan ordusunun ölkənin cənubunda yerləşdirilməsi təkcə hərbi deyil, həm də siyasi və simvolik əhəmiyyət daşıyır. Bununla dövlət ilk dəfə uzun illərdən sonra həmin ərazilərdə nəzarətin "Hizbullah"a deyil, rəsmi hakimiyyətə məxsus olduğunu göstərməyə çalışır".
Onun sözlərinə görə, əsas problem tərəflərin razılaşmanın şərtlərinə fərqli yanaşmasıdır:
"Mövcud razılaşma İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsini, Livan ordusunun həmin ərazilərə yerləşdirilməsini və "Hizbullah"ın hərbi potensialının aradan qaldırılmasını nəzərdə tutur. Lakin əsas problem ondadır ki, İsrail geri çəkilməni "Hizbullah"ın tam silahsızlaşdırılması ilə şərtləndirir. "Hizbullah" isə İsrail qoşunları Livanı tərk etməyənə qədər silahı yerə qoymayacağını bəyan edir. Nəticədə tərəflər çıxılmaz vəziyyətə düşüb".
E.Alıoğlu hesab edir ki, bu məsələlər beynəlxalq səviyyədə də əsas müzakirə mövzularından biridir:
"ABŞ-də Livan Prezidenti Cozef Aunla Donald Tramp arasında keçirilən görüşdə də əsas müzakirə mövzuları İsrail qoşunlarının çıxarılması, Livan ordusunun gücləndirilməsi və "Hizbullah"ın silahsızlaşdırılması olub. Prezident Aun bu istiqamətdə öz planını təqdim edib".
Ekspert əlavə edib ki, hərbi gərginlik Livanın iqtisadi vəziyyətini daha da ağırlaşdırır:
"Bununla yanaşı, Livan ağır iqtisadi böhran yaşayır. 2019-cu ildən davam edən maliyyə və bank böhranı ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflədib. Davam edən hərbi əməliyyatlar isə iqtisadiyyatın bərpasını, beynəlxalq maliyyə institutları ilə danışıqları və investorların ölkəyə marağını daha da çətinləşdirir".
Siyasi şərhçinin fikrincə, yaxın perspektivdə vəziyyətin qısa müddətdə tam normallaşacağı gözlənilmir:
"Hazırkı mərhələdə ən real ssenari vəziyyətin tədricən və uzun müddət ərzində dəyişməsidir. Livan ordusu mərhələli şəkildə cənub bölgələrinə yerləşəcək, İsrail isə strateji ərazilərdən tam çıxmağa tələsməyəcək. "Hizbullah" da birbaşa toqquşmalardan yayınmağa çalışsa da, silahı təhvil verməyəcək".
Sonda E. Alıoğlu regionda sabitliyin təmin olunması üçün vacib hesab etdiyi şərtləri də sadalayıb:
"Regionda sabitliyin təmin olunması üçün üç əsas şərt vacib görünür: İsrail qoşunlarının Livandan tam çıxarılması, azad edilən ərazilərin tam şəkildə Livan ordusunun nəzarətinə verilməsi və "Hizbullah"ın müstəqil silahlı qüvvə kimi fəaliyyətinin mərhələli şəkildə başa çatması. Bu şərtlər yerinə yetirilmədiyi müddətdə isə vəziyyətin nə vaxt sabitləşəcəyini proqnozlaşdırmaq mümkün deyil".
Nigar Xəlilli
10:00 23.07.2026
Oxunuş sayı: 42