Erməni güləşçiləri Bakıya gəlir: Siyasi yanaşma yolverilməzdir
Bakıda keçiriləcək 17 yaşadək güləşçilər arasında dünya çempionatı təkcə idman yarışı deyil, həm də region ölkələrinin beynəlxalq idman platformasında bir araya gəlməsi baxımından diqqət çəkir. Ermənistan Güləş Federasiyasının idmançılarının yarışda iştirak üçün Azərbaycana gələcəyini açıqlaması bu baxımdan xüsusi maraq doğurur.
İdman jurnalisti Təbriz Quliyev Crossmedia.az-a açıqlamasında bildirib:

"Güləş üzrə U-17 Dünya Çempionatının Bakıda keçirilməsi Azərbaycan idmanı üçün mühüm hadisədir. Belə turnirlər ilk növbədə gənc idmançıların inkişafına xidmət etməli, onların beynəlxalq təcrübə qazanmasına imkan yaratmalıdır".
Ekspertin sözlərinə görə, yarış iştirakçılarına siyasi yanaşma sərgilənməsi yolverilməzdir:
"Ermənistan təmsilçilərinin də turnirdə iştirakı gözlənilir. Ancaq U-17 yaş kateqoriyasında çıxış edən idmançılara siyasi və tarixi məsələlər fonunda əlavə təzyiq göstərilməsi, onları hansısa qarşıdurmanın tərəfinə çevirmək düzgün yanaşma deyil".
T.Quliyev hesab edir ki, Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra idman yarışlarına siyasi məna yükləməyə ehtiyac yoxdur:
"Azərbaycan Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edib və qalib dövlət kimi tarixə düşüb. Buna görə də idman meydanında Ermənistan təmsilçiləri ilə qarşılaşmaları xüsusi hadisə kimi təqdim etməyə və hər görüşə siyasi məna yükləməyə ehtiyac yoxdur. İdmanda rəqib sadəcə rəqibdir və əsas prinsip ədalətli mübarizədir".
O, bildirib ki, gənc yaş kateqoriyalarında əsas məqsəd nəticədən, daha çox idmançıların inkişafıdır:
"İdmanda həm qələbə, həm də məğlubiyyət var. Vacib olan rəqibə hörmətlə yanaşmaq, qaydalara əməl etmək və nəticəni idman prinsipləri çərçivəsində qəbul etməkdir. Xüsusilə U-17 yaş kateqoriyasında əsas diqqət medal sayından daha çox gənc idmançıların inkişafına və gələcək böyük idmana hazırlanmasına yönəlməlidir."
T.Quliyevin fikrincə, Bakıda keçirilən Dünya Çempionatı Azərbaycanın beynəlxalq idman nüfuzunu nümayiş etdirən mühüm platformadır:
"Azərbaycanın ev sahibliyi etdiyi belə mötəbər yarışlar ölkəmizin beynəlxalq idman ictimaiyyətinə münasibətini nümayiş etdirir. Gücümüzü emosional yanaşmalarla deyil, peşəkar təşkilatçılıq, yüksək səviyyəli yarışların keçirilməsi və idman nailiyyətlərimizlə göstərməliyik".
Nigar Xəlilli
20:00 22.07.2026
Oxunuş sayı: 52