Trampın livanlı həmkarı ilə görüşündə diqqətçəkən məqam: İsrailin təhlükəsizliyi...
ABŞ Prezidenti Donald Trampla Livan Prezidenti arasında keçirilən görüş Yaxın Şərqdə davam edən geosiyasi gərginlik fonunda beynəlxalq diqqət mərkəzinə çevrilib. Görüşün gündəliyində regional təhlükəsizlik, ikitərəfli əməkdaşlıq və Yaxın Şərqdə sabitliyin təmin olunması ilə bağlı məsələlərin yer alması xüsusi maraq doğurur.
ABŞ Prezidenti Donald Trampla Livan Prezidenti arasında keçirilən görüş təkcə ikitərəfli diplomatik təmas deyil, Yaxın Şərqdə formalaşan yeni geosiyasi düzənin mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər politoloq Amid Əliyev Crossmedia.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran-İsrail qarşıdurmasının yaratdığı gərginlik, Suriyada dəyişən qüvvələr nisbəti və Livanın daxili siyasi böhranı fonunda belə bir görüşün keçirilməsi təsadüfi deyil:
"Vaşinqton bu görüş vasitəsilə ilk növbədə nümayiş etdirmək istəyir ki, ABŞ Yaxın Şərqdə strateji təşəbbüsü yenidən öz əlinə almağa çalışır. Son illərdə regionda İranın təsir imkanlarının genişlənməsi, Rusiyanın müəyyən dövrlərdə artan fəallığı və Çinin iqtisadi nüfuzunun artması fonunda ABŞ klassik hərbi müdaxilə modelindən daha çox siyasi-diplomatik təsir mexanizmlərinə üstünlük verir. Livan Prezidenti ilə keçirilən görüş də məhz bu strategiyanın tərkib hissəsidir".
Politoloq bildirib ki, Livan Yaxın Şərqin ən həssas geosiyasi nöqtələrindən biridir. Onun sözlərinə görə, ölkədə Hizbullahın ciddi siyasi və hərbi təsiri mövcuddur, eyni zamanda Livan Aralıq dənizi hövzəsində enerji, təhlükəsizlik və regional sabitlik baxımından mühüm mövqeyə malikdir:
"ABŞ çox yaxşı anlayır ki, Livanın tam şəkildə İranın geosiyasi orbitinə daxil olması təkcə Beyrut üçün deyil, bütövlükdə regionun təhlükəsizlik arxitekturası üçün ciddi nəticələr doğura bilər. Buna görə də Vaşinqton Livan dövlət institutlarını gücləndirməyə və rəsmi Beyrutla birbaşa siyasi dialoqu davam etdirməyə çalışır".
A.Əliyev qeyd edib ki, görüşün digər mühüm mesajı İsrailin təhlükəsizliyi ilə bağlıdır:
"ABŞ bir daha nümayiş etdirir ki, Livan ərazisinin İsrailə qarşı yeni hərbi cəbhəyə çevrilməsinə imkan vermək niyyətində deyil. Bu, əslində həm Livan rəhbərliyinə, həm də Hizbullaha ünvanlanan siyasi xəbərdarlıqdır. Vaşinqton regionda nəzarətdən çıxacaq yeni müharibənin qarşısını almağa çalışır və hesab edir ki, Livanın sabitliyi İsrailin təhlükəsizliyinin ayrılmaz hissəsidir".
Ekspertin fikrincə, görüş Donald Tramp administrasiyasının xarici siyasət konsepsiyasını da əks etdirir:
"Donald Trampın siyasətində əsas prinsip 'güc vasitəsilə sülh' yanaşmasıdır. ABŞ əvvəlcə öz siyasi və hərbi çəkisini nümayiş etdirir, daha sonra diplomatik danışıqlar üçün əlverişli şərait yaradır. Bu görüş də həmin konsepsiyanın praktik təzahürüdür".
Politoloq sonda bildirib ki, ABŞ Yaxın Şərqdə yeni qüvvələr balansının formalaşmasında aktiv rol oynamaq niyyətindədir:
"Vaşinqton bir tərəfdən İranın regional təsir imkanlarını məhdudlaşdırmağa, digər tərəfdən isə Livan kimi həssas ölkələri dövlət institutları vasitəsilə sabitləşdirməyə çalışır. Bu isə onu göstərir ki, yaxın dövrdə Yaxın Şərqdə diplomatik fəallıq artacaq, regional rəqabət artıq təkcə hərbi deyil, siyasi və institusional müstəvidə də davam edəcək".
Nigar Xəlilli
17:00 22.07.2026
Oxunuş sayı: 51