Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur
22 İyul Milli Mətbuat Günü Azərbaycanda milli mətbuatın yaranmasının ildönümü kimi qeyd olunur. 151 illik inkişaf yolu keçən Azərbaycan mediası bu gün həm cəmiyyətin məlumatlandırılmasında, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycan milli mətbuatı 151 illik inkişaf yolu keçərək bu gün ölkənin informasiya təhlükəsizliyinin və dövlətçilik maraqlarının qorunmasında mühüm rol oynayır.
Deputat xatırladıb ki, Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə qoyulub və bu, cəmiyyətin maariflənməsində, milli kimliyin formalaşmasında mühüm mərhələ olub.
Onun sözlərinə görə, müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti, xüsusilə 1998-ci ildə senzuranın ləğvi ölkədə söz və mətbuat azadlığının inkişafına güclü təkan verib. Sonrakı illərdə qanunvericiliyin təkmilləşdirilməsi, informasiya texnologiyalarının inkişafı və media institutlarının gücləndirilməsi milli mətbuatın rəqabət qabiliyyətini artırıb.
K.Nurullayeva bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və media bu sahədə mühüm missiya daşıyır.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya cəbhəsində də mühüm üstünlük qazanıb:
"Azərbaycan mediası beynəlxalq ictimaiyyəti operativ və dəqiq məlumatlarla təmin etdi, düşmənin yaydığı dezinformasiyaların ifşasında fəal iştirak etdi. Prezident İlham Əliyevin xarici mediaya verdiyi çoxsaylı müsahibələr də Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı".
Onun fikrincə, hərbi əməliyyatlar başa çatsa da, informasiya müharibəsi davam edir və postmünaqişə dövründə daha mürəkkəb xarakter alıb.
"Bu gün Azərbaycan haqqında qərəzli məlumatların yayılması, tarixi faktların təhrif edilməsi və ölkəmizə qarşı informasiya kampaniyalarının aparılması göstərir ki, media daim peşəkarlıq, obyektivlik və məsuliyyət prinsiplərinə sadiq qalmalıdır".
Deputat bildirib ki, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı medianın qarşısında yeni çağırışlar yaradır.
"Süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, kiberhücumlar və informasiya manipulyasiyası jurnalistikanın fəaliyyətinə yeni risklər gətirib. Buna görə də operativlik qədər məlumatın dəqiqliyi və faktların yoxlanılması da əsas peşə meyarına çevrilir".
K.Nurullayeva vurğulayıb ki, media savadlılığının artırılması, faktların yoxlanılması mexanizmlərinin gücləndirilməsi və rəqəmsal təhlükəsizliyin təmin olunması cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, artıq dördüncü ildir keçirilən Şuşa Qlobal Media Forumu da bu baxımdan xüsusi önəm kəsb edir.
Deputatın fikrincə, müasir media təkcə informasiya daşıyıcısı deyil, həm də ictimai etimadın, dövlət təhlükəsizliyinin və beynəlxalq kommunikasiyanın əsas elementlərindən biridir.
"Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərini qorumaqdır. Milli media həm vətəndaşların düzgün informasiya almaq hüququnu təmin etməli, həm də ölkənin milli maraqlarını beynəlxalq informasiya məkanında layiqincə müdafiə etməlidir".
K.Nurullayeva əlavə edib ki, bəzi hallarda xarici təsir mərkəzləri media vasitəsilə ictimai rəyə təsir göstərməyə və Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışırlar. Lakin Azərbaycan milli mətbuatı tarix boyu olduğu kimi, bu gün də dövlətçilik maraqlarını əsas prioritet hesab edir.
Deputat sonda Prezident İlham Əliyevin fikirlərini xatırladıb:
"Biz vahid siyasət aparırıq. Dövlət və media milli maraqları müdafiə edir. Ümummilli məsələlərdə heç bir kənar fikir ola bilməz".
Onun sözlərinə görə, güclü dövlətin güclü mediası yalnız xəbəri çatdıran deyil, həm də həqiqəti qoruyan, milli maraqları müdafiə edən və cəmiyyətin etibarlı informasiya təminatını həyata keçirən mühüm institutdur.
Nigar Xəlilli
11:10 22.07.2026
Oxunuş sayı: 68