Tramp bu dəfə də İranı təhdid etdi: Diplomatik körpülər sökülür?
Yaxın Şərqin tarıma çəkilmiş geosiyasi “sinirləri” növbəti dəfə tarixi bir sınaq qarşısındadır. Regionda illərdir alovlanan soyuq qarşıdurmanın alova çevrilərək açıq hərbi müstəviyə keçməsi, yalnız Vaşinqton və Tehranın deyil, bütün qlobal güclərin masadakı gedişlərini kökündən dəyişib. Pərdəarxası diplomatik dəhlizlərdə, xüsusilə də Hürmüz boğazı kimi kritik dəniz arteriyalarında gedən bu amansız mübarizə, artıq sadəcə lokal bir toqquşma deyil, bütün Yaxın Şərqin xəritəsini və güc balansını yenidən cızmaq iddiasıdır. Silahların gurultusu altında həm mülki infrastrukturlar sıradan çıxır, həm də diplomatik körpülər bir-bir uçulur. Məhz belə bir böhranın pik həddində-fırtınanın tam mərkəzində ortaya atılan 10 günlük atəşkəs təklifi isə tərəfləri uçurumun kənarından qaytarmaq üçün sonuncu bəlkə də ən kritik imkan kimi dəyərləndirilir. Xüsusilə də ABŞ prezidenti Donald Trampın son çıxışında İranı təhdid etməsi diplomatiyanın sinirlərini yenidən tarıma çəkib.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə Crossmedia.az-a açıqlama verib: "ABŞ və İran arasında davam edən müharibə təkcə hərbi itki deyil, həm də strateji mövqe və nüfuz müharibəsidir. ABŞ Yaxın Şərqdə addım-addım yeni nizam qurmağa çalışır və burada İranı tam şəkildə özünə tabe etdirmək siyasəti dayanır.
Hazırda Hürmüz boğazının açılması istiqamətində gedən döyüşlər müharibənin əsas fazasını təşkil edir. İranla müharibədə ABŞ əsgər itirirsə, təbii ki, zərbələr intensivləşir.
Bu da müharibənin gedişatına dağıdıcı təsir göstərir. İrana endirilən hava zərbələri ölkənin mülki və qeyri-hərbi infrastrukturunu sıradan çıxarır. Bu da yerli əhalinin növbəti mərhələdə İran rejiminə qarşı qalxmasına gətirib çıxara bilər.
Bir sözlə, regionda sülh və sabitlik pozulub. İran rejimi isə ABŞ-la danışıqlara birinci mərhələdə heç bir halda razı deyildi. Hətta İran razılaşdırılmış memorandumu pozdu, müharibə davam etdi və onun regiona yayılmaq riski artdı.
İndi isə Misir, Pakistan və Qətər İran və Amerikaya 10 günlük atəşkəs təklif edib. Əgər tərəflər buna razılaşsa, müəyyən bir danışıqlar prosesi keçirilə və atəşkəs əldə oluna bilər. Lakin hələ ki müharibənin genişlənmə riski qalmaqdadır".
Turqut Ansari
17:30 21.07.2026
Oxunuş sayı: 67