Rusiya Azərbaycana möhtacdır: Rəsmi Bakı “əlindəki kartı açır”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri və həmkarı Sergey Lavrovla görüşü ciddi müzakirələrə səbəb olub. Mətbuatda yayılan məlumatlardan belə məlum olur ki, diplomatlar hər iki tərəf üçün mühüm hesab olunan məsələləri müzakirə ediblər. İndi əsas sual bu görüşün dövlətlər arasındakı “sərin küləkləri” aradan qaldırmaq iqtidarında olub- olmayacağıdır.

Türkiyəli politoloq, professor Hüsametdin İnaç bu barədə Crossmedia.az-a danışıb: “Son bir ildir Azərbaycanla Rusiya arasında ciddi problemlər var. Xüsusilə AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması və Moskvadakı Azərbaycan diasporuna qarşı təzyiqlər münasibətlərdə suallar yaratmışdı. Prezident İlham Əliyev bu məsələləri qarşı tərəfin diqqətinə çatdırmışdı. Amma problemlər davam edir. Zəngəzur dəhlizinin “Tramp yolu” kimi adlandırılması, ABŞ-nin Cənubi Qafqaza gəlməsi belə problemlərdəndir. Rusiyada müəyyən adamlar hələ də Cənubi Qafqaza və Azərbaycana keçmiş sovet ittifaqı prizmasından baxırlar. Halbuki rəsmi Bakı dünyada nadir dövlətlərdəndir ki, öz müstəqil siyasətini yeridir, etibar və inam qazanıb. Yeri gəlmişkən, deyim ki, Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra yaratdığı reallıqlar artıq bütün Türk dünyasına təsir edir. Azərbaycan son dərəcə qürurlu davranır, heç bir imperialist dövlətin “çətiri altına girmir”. Bu isə, əlbəttə, Kremlin diqqətini çəkir. Rusiya lideri Vladimir Putin başa düşür ki, rəsmi Bakı geri çəkilməyəcək. Ona görə də Rusiya münasibətlərin bərpasında maraqlıdır. Ukraynadakı müharibə Rusiyanı çox zəiflədib. Rusiya Azərbaycan və Türkiyəyə möhtacdır. Hər iki ölkənin hava məkanını bağlamaması və sanksiyalara qoşulmaması Rusiya üçün “təhlükəsiz yastığıdır”. Bundan sonra münasibətlərin xeyli miqyasda düzələcəyini düşünürəm. Rəsmi Moskvanın maraqları bunu tələb edir. Avropa artıq Rusiyanı təcrid edir. Ona görə də Moskva düşmənlərini artırmaq istəmir”.
14:05 20.07.2026
Oxunuş sayı: 109