Azərbaycan və Slovakiya parlamentlər səviyyəsində də əlaqələri inkişaf etdirməkdə maraqlıdır
Azərbaycan–Slovakiya münasibətləri son illərdə strateji tərəfdaşlıq mərhələsinə yüksələrək siyasi dialoqdan iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyindən Qarabağın bərpasına qədər geniş spektri əhatə etməyə başlayıb. Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və proqramına məhz Şuşadan başlaması da bu münasibətlərin yeni məzmun qazandığını nümayiş etdirən mühüm siyasi mesaj kimi qiymətləndirilir. Yüksək səviyyəli görüşlər, imzalanan razılaşmalar, keçirilən biznes forum və parlamentlərarası təmaslar göstərir ki, Bakı ilə Bratislava arasında əməkdaşlıq artıq ikitərəfli münasibətlər çərçivəsini aşaraq Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığının mühüm elementlərindən birinə çevrilməkdədir. Bu səfər həm də enerji təhlükəsizliyi, investisiyalar, nəqliyyat, rəqəmsal inkişaf və postmünaqişə dövründə Qarabağın bərpası istiqamətində yeni əməkdaşlıq imkanlarını ön plana çıxararaq münasibətlərin gələcək inkişaf perspektivlərini bir daha təsdiqlədi.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Nigar Məmmədova qeyd edib ki, ölkəmizə rəsmi səfər edən Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşadan başlayan proqramı iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirdi: "Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, Prezident İlham Əliyevlə aparılan müzakirələr, keçirilən biznes forum göstərdi ki, Bakı və Bratislava əməkdaşlığı siyasi dialoq başda olmaqla iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret layihələrlə zəngindir. Prezident İlham Əliyev Şuşada keçirilən birgə bəyanatda vurğuladı ki, Azərbaycan ilə Slovakiya arasında siyasi əlaqələr yüksək səviyyədədir və 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə artıq real nəticələr verməyə başlayıb. Dövlət başçımız Qarabağın bərpasında Slovakiya şirkətlərinin iştirakını xüsusi qiymətləndirərək Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsini uğurlu əməkdaşlıq nümunəsi kimi göstərdi. Bu səfər eyni zamanda Azərbaycan–Avropa İttifaqı münasibətlərinin və Aİ–Cənubi Qafqaz əməkdaşlığının gələcək perspektivləri kontekstində də xüsusi əhəmiyyət kəsb edir. Bakı ilə Bratislava arasındakı əməkdaşlıq artıq Avropa ilə Azərbaycan arasında daha geniş tərəfdaşlığın tərkib hissəsinə çevrilir".

Deputat qeyd edib ki, Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Aİ ilə dialoqunda praqmatik yanaşmanı dəstəkləyən ölkələrdən biridir: "Son illərdə Avropanın enerji təhlükəsizliyi məsələlərinin prioritetə çevrilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırıb. Prezident Pelleqrininin çıxışında enerji böhranı dövründə Azərbaycanın Slovakiyaya verdiyi dəstəyə xüsusi təşəkkür etməsi və uzunmüddətli enerji əməkdaşlığının davam etdirilməsinin vacibliyini vurğulaması təsadüfi deyildi. Bu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin mühüm tərəfdaşlarından biri kimi qəbul edildiyini nümayiş etdirir. Səfərin digər mühüm cəhəti Qarabağın beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi idi. Slovakiya şirkətlərinin Ağdam rayonunda "Ağıllı kənd" layihəsində iştirakı, Milan Rastislav Ştefanik adına məktəbin təməlinin qoyulması Aİ ölkələrinin regionda iqtisadi iştirakının da genişləndiyini göstərir. Bu proses Avropa şirkətlərinin postmünaqişə dövründə Cənubi Qafqazın inkişafına marağının artdığını nümayiş etdirir. Azərbaycan–Slovakiya biznes forumunda isə sənaye, rəqəmsallaşma, logistika, kənd təsərrüfatı, turizm və yüksək texnologiyalar üzrə əməkdaşlıq imkanlarının müzakirə olunması da Aİ ilə iqtisadi inteqrasiyanın yeni istiqamətlərini ortaya qoydu. Burada əsas diqqət ticarətin artırılması ilə yanaşı birgə istehsalın, investisiyaların və texnologiya transferinin genişləndirilməsinə yönəldildi. Bu yanaşma Avropa İttifaqının tərəfdaş ölkələrlə iqtisadi əməkdaşlıq modelinə də uyğun gəlir və Azərbaycanın regional istehsal və logistika mərkəzi kimi roluna töhfədir".
N.Məmmədova əlavə edib ki, səfər həm də Aİ–Cənubi Qafqaz əməkdaşlığının gündəliyini əks etdirdi: "Əsas diqqət enerji təhlükəsizliyi ilə yanaşı nəqliyyat dəhlizləri, rəqəmsal bağlantılar, yaşıl enerji, regional logistika və postmünaqişə nəticələrinin bərpası kimi istiqamətlər ön plana çıxır. Avropa Komissiyasının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantıları gücləndirmək üçün yeni maliyyə təşəbbüsləri də regionun Avropa üçün artan geosiyasi əhəmiyyətini təsdiqləyir. Prezident Pelleqrininin Azərbaycanın regionda sabitliyin və inkişafın təmin edilməsində rolunu vurğulaması, həmçinin sülh prosesinə dəstək ifadə etməsi Avropa İttifaqının Cənubi Qafqaz siyasətində iqtisadi əməkdaşlıqla yanaşı təhlükəsizlik və davamlı sabitlik amillərinə də artan diqqətini göstərir. Bu baxımdan Slovakiyanın mövqeyi Aİ daxilində Azərbaycanla praqmatik əməkdaşlığın genişləndirilməsini müdafiə edən yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər. Azərbaycan və Slovakiya eyni zamanda Parlamentlər səviyyəsində də əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Prezident Pelleqrininin Milli Məclisdə keçirdiyi görüş parlament diplomatiyasının əhəmiyyətini ön plana çıxardı. Bir daha qeyd olundu ki, son illərdə qarşılıqlı səfərlər və parlamentlərarası memorandum əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə xidmət edir. Tərəflər komitələrarası əlaqələrin genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında koordinasiyanın gücləndirilməsi barədə də razılığa gəldilər. Beləliklə, bu səfər, prezidentlər arasında keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan–Slovakiya münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub, siyasi etimadın möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, Qarabağın bərpasında Slovakiya şirkətlərinin fəal iştirakı gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır".
Ayhan
11:50 17.07.2026
Oxunuş sayı: 53