Konstantin Zatulinin Azərbaycanla bağlı açıqlamaları yalandır
Moskvanın müxtəlif siyasi dairələrindən Azərbaycana qarşı səslənən bəyanatlar diqqətlə izlənilir. Xüsusilə iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin açıqlamaları yeni müzakirələrə yol açıb. Zatulin Moskva ilə Bakı arasında münasibətlərin yaxın perspektivdə normallaşacağına dair nikbin gözləntilərə ehtiyatla yanaşmağa çağıraraq, Azərbaycanın Rusiyanın deyil, Türkiyənin strateji müttəfiqi olduğunu bildirib. Onun fikirləri Rusiyanın siyasi elitasında Azərbaycana münasibətlə bağlı fərqli yanaşmaların mövcudluğu, eləcə də regionda dəyişən geosiyasi balans fonunda Moskvanın Bakı-Ankara əməkdaşlığını necə qiymətləndirdiyi ilə bağlı sualları gündəmə gətirib. Azərbaycan uzun illərdir balanslaşdırılmış xarici siyasət yürüdərək həm Rusiya, həm Türkiyə, həm də digər regional və qlobal tərəfdaşlarla münasibətlərini milli maraqlar əsasında formalaşdırmağa çalışır. Bu baxımdan, ayrı-ayrı siyasətçilərin sərt bəyanatlarının iki ölkə arasındakı dövlətlərarası münasibətlərə hansı dərəcədə təsir göstərə biləcəyi də maraq doğurur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Moskva ilə Bakı arasında münasibətlərin normallaşması ilə bağlı nikbin gözləntilərə ehtiyatla yanaşmağa çağırması və Azərbaycanın Rusiyanın deyil, Türkiyənin strateji müttəfiqi olduğunu bildirməsi yeni fikir deyil: “Zatulin uzun illərdir ki, Cənubi Qafqazla bağlı təxribat xarakterli bəyanatları və xalqlar arasında etimadsızlıq yaratmağa yönəlmiş çıxışları ilə tanınır. Məhz buna görə də onun fəaliyyəti bir sıra MDB ölkələrində ciddi tənqid olunub və bəzi hallarda həmin ölkələr tərəfindən arzuolunmaz şəxs elan edilib. Azərbaycanın Türkiyə ilə strateji müttəfiq olması isə danılmaz reallıqdır. "Bir millət, iki dövlət" fəlsəfəsinə söykənən Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığını ildən-ilə daha da gücləndirir. Bu müttəfiqlik regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, eyni zamanda hər iki dövlətin ümumi gücünün artmasına xidmət edir. Bununla yanaşı, 22 fevral 2022-ci ildə Azərbaycan ilə Rusiya arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Bu sənəd iki ölkə arasında qarşılıqlı hörmətə, suverenliyə, daxili işlərə qarışmamağa və əməkdaşlığın inkişafına əsaslanan münasibətləri nəzərdə tutur. Lakin haqlı sual yaranır: Rusiya hər zaman bu sənədin ruhuna uyğun davranıbmı? Bu baxımdan AZAL-a məxsus təyyarənin Qroznı səmasında vurulmasından sonra baş verən hadisələri xatırlamaq kifayətdir. Əgər Rusiya həmin hadisədən dərhal sonra məsuliyyətini açıq şəkildə etiraf etsə, baş verənlərlə bağlı obyektiv araşdırma aparsa və zəruri addımları vaxtında atsaydı, Azərbaycan-Rusiya münasibətlərində belə bir gərginlik yaranardımı? Məncə, xeyr”.

Deputat qeyd edib ki, həmin dövrdə Rusiyada Azərbaycana
qarşı siyasi təzyiqlərin artması və orada yaşayan azərbaycanlılara münasibətdə
xoşagəlməz halların müşahidə olunması münasibətlərin gərginləşməsinə səbəb oldu:
“Sonradan tərəflərin dialoqa üstünlük verməsi və mövcud problemlərin həlli
istiqamətində addımlar atması nəticəsində bu gərginliyin böyük hissəsi aradan
qalxdı. Bu gün Zatulinin səsləndirdiyi fikirlərin əksinə olaraq, Azərbaycan-Rusiya
münasibətləri normallaşma və əməkdaşlığın inkişafı mərhələsindədir. İki ölkə
arasında ticarət dövriyyəsinin təxminən 5 milyard dollara çatması, iqtisadi,
siyasi və humanitar sahələrdə əməkdaşlığın davam etməsi bunun göstəricisidir.
Bu reallıq fonunda ayrı-ayrı siyasətçilərin emosional və ya təxribat xarakterli
bəyanatlarını dövlətlərarası münasibətlərin göstəricisi kimi qəbul etmək düzgün
olmazdı. Eyni zamanda, Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır.
Ölkəmiz beynəlxalq hüququn aliliyini əsas götürür. Azərbaycan 30 il ərzində əraziləri
işğal altında qalmış, beynəlxalq hüququn pozulmasının ağır nəticələrini yaşamış
bir dövlətdir. Buna görə də Azərbaycan bütün dövlətlərin beynəlxalq səviyyədə
tanınmış sərhədlərinə və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarıdır. Bu
prinsip Ukrayna da daxil olmaqla bütün münaqişələrə münasibətdə ardıcıl şəkildə
tətbiq olunur və münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində, sülh
yolu ilə həllini dəstəkləyir. Azərbaycanın beynəlxalq hüquqa və ədalətə söykənən
bu mövqeyi heç bir dövlətə qarşı yönəlməyib. Bu, ölkəmizin uzun illər yaşadığı
təcrübədən irəli gələn prinsipial yanaşmadır. Ona görə də bu mövqenin hər hansı
dövlətlə münasibətlərin səviyyəsi ilə əlaqələndirilməsi və ya siyasi
manipulyasiya predmetinə çevrilməsi doğru deyil. Konstantin Zatulinin
açıqlamaları Azərbaycan-Rusiya münasibətlərinin real vəziyyətini əks etdirmir.
Azərbaycan həm Türkiyə ilə strateji müttəfiqliyini qətiyyətlə davam etdirir, həm
də Rusiya ilə qarşılıqlı maraqlara, bərabərhüquqluluğa və imzalanmış sənədlərin
ruhuna uyğun münasibətlərin inkişafında maraqlıdır. Əsas məsələ odur ki, bütün
tərəflər qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və götürdükləri öhdəliklərə
sadiq qalsınlar”.
Ayhan
20:00 16.07.2026
Oxunuş sayı: 118