Suyun altında görünməz təhlükə riskləri var - Ekspert
Quba rayonu ərazisindən keçən su kanalında 16 yaşlı yeniyetmənin boğularaq faciəvi şəkildə həyatını itirməsi ölkədə su hövzələrindəki təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Havaların isinməsi ilə çimmək üçün nəzərdə tutulmayan təhlükəli su kanallarına və anbarlarına üz tutanların sayının artması bu cür ağır bədbəxt hadisələrin baş verməsinə zəmin yaradır. Bəs bu cür subaxarlarını ölümcül edən gizli faktorlar hansılardır?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirib ki, rəsmi icazəsi olmayan yerlərdə suya girmək birbaşa həyatı təhlükəyə atmaqdır: "Su kanalları, su arxları, su anbarları, su tutarları və su hövzələri , bir sözlə, əgər bir ərazi çimmək üçün nəzərə tutulmayıbsa, orada çimmək birmənalı olaraq qadağandır və təhlükəsizlik baxımından yolverilməzdir. Əslində, bu barədə geniş danışmağa belə lüzum yoxdur, çünki qayda çox sadədir: çimmək üçün nəzərə tutulmayan yerdə suya girmək olmaz. Çimmək üçün rəsmi icazə verilən yerlərdə müvafiq dövlət qurumları tərəfindən bütün lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir, orada xilasetmə xidməti fəaliyyət göstərir. Həmin ərazilərdə ölüm riski minimuma endirildiyi üçün onların fəaliyyətinə rəsmi icazə verilir. Lakin çaylar və kanallarda vəziyyət tamamilə fərqlidir, buralarda təhlükə riski son dərəcə yüksəkdir".

E.Nurəliyev qeyd edib ki, su kanallarının dibində insan həyatı üçün ciddi təhlükə yaradan gizli faktorlar var və insanlar bəzən illərlə eyni yerə getdiklərini əsas gətirərək böyük səhvə yol verirlər: "İnsanlar bəzən elə düşünürlər ki, illərlə eyni yerə gedirlər və ora təhlükəsizdir. Amma bu, tamamilə yanlış yanaşmadır. Birincisi, suyun üzərindəki axın sürəti ilə dibindəki axın sürəti heç vaxt eyni olmur və bu, insanı qəfil cənginə ala bilər. İkincisi, suyun dibində insanı hansı gözlənilməz hadisənin gözlədiyini heç kim bilə bilməz. Orada lil, bataqlıq ola bilər ki, insanı dərhal dibə çəkər. Yaxud suyun dibində hansısa iti dəmir parçası, şüşə və ya konserv qabı ola bilər ki, bədən bura toxunduqda ağır kəsiklər və yaralanmalar meydana gələr. Görün, suyun altında nə qədər görünməz təhlükə riski gizlənir. Ona görə də bu ərazilərdən birmənalı olaraq çəkinmək lazımdır. Bu cür halların qarşısının alınmasında əsas məsuliyyət məhz valideynlərin üzərinə düşür. Valideynlər övladlarına qarşı son dərəcə diqqətli olmalıdırlar. Onlar uşaqlara bu cür yerlərdə çimməyin yarada biləcəyi ölümcül təhlükələri kiçik yaşlarından aşılamalıdırlar. Eyni zamanda, böyüklər özləri də pis nümunə olmamalı, təhlükəli ərazilərdən birmənalı olaraq çəkinməlidirlər. Həyatımızı qorumaq üçün təhlükəsizlik qaydalarına güzəştsiz əməl etməliyik".
Fatimə Cabbarlı
16:30 16.07.2026
Oxunuş sayı: 48