Şəmkirdəki kütləvi zəhərlənmə: AQTA hərəkətə keçdi - YENİLƏNİB
Şəmkir rayonunda kütləvi zəhərlənən şəxslərə müvafiq tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş hesab edilərək evə buraxılıblar.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qazax-Tovuz regional bölməsi araşdırmalara başlayıb.
Araşdırmalar zamanı hadisənin Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyət göstərən "Narın Qala" restoranında baş verdiyi müəyyən olunub. AQTA əməkdaşları tərəfindən restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
10:10
Şəmkir rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, saat 03:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (9 qadın, 2 kişi) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.
Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.
13:32 16.07.2026
Oxunuş sayı: 196