15 iyul - Tarixə milli əzmin həkk olunması günü
Türkiyənin müasir tarixinə milli iradənin, xalq rəşadətinin və sarsılmaz dövlətçilik əzminin rəmzi kimi həkk olunan 15 İyul – Demokratiya və Milli Birlik Günü qardaş ölkədə və onun hər zaman yanında olan Azərbaycanda dərin ehtiramla yad edilir. Bundan tam 10 il əvvəl dövlətin suverenliyinə, xalqın seçiminə qəsd etməyə çalışan xain hərbi çevriliş təşəbbüsü türk millətinin canı və qanı bahasına, misilsiz fədakarlığı ilə dəf edilərək şanlı bir qəhrəmanlıq dastanına çevrildi. Bu tarixi sınaq anında "Bir millət, iki dövlət" fəlsəfəsinə sadiq qalan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk andan etibarən qardaş Türkiyənin və onun legitim hakimiyyətinin yanında yer alaraq sarsılmaz dəstəyini bütün dünyaya nümayiş etdirdi. Bu şanlı zəfər və nümayiş etdirilən qardaşlıq həmrəyliyi, bu gün Şuşa Bəyannaməsi ilə taclanan strateji müttəfiqliyin sarsılmaz təməllərini bir daha bütün dünyaya bəyan edir. Məsələnin tarixi və əhəmiyyəti ilə bağlı Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev Crossmedia.az-a açıqlama verib.

"Bildiyiniz kimi, Türkiyənin siyasi tarixində müxtəlif hərbi çevrilişlərin, yaxud da ordunun müəyyən qruplarının, xüsusilə quru qüvvələrinin və digər bölmələrinin istifadə edilməsi ilə seçilmiş iqtidarlara qarşı yönələn müxtəlif təşəbbüslərin olduğu məlumdur. 10 il əvvəl baş verən hadisələr də siyasi qiymətləndirmələrə görə məhz belə təşəbbüslərdən biridir. Lakin bu hadisəni analiz edərkən ondan əvvəl qlobal siyasətdə gedən prosesləri də diqqətə almaq lazımdır; xüsusilə 2001-ci ildəki 11 Sentyabr hadisələri və 2007–2008-ci illərdə yaşanan qlobal maliyyə böhranı bu baxımdan mühüm hadisələrdir.
Bu qlobal sarsıntılar İkinci Dünya müharibəsindən sonra dövlətə verilən statusun, gücün və ümumilikdə dövlətçilik mahiyyətinin dəyişməsi prosesinin başlanğıcı demək idi. Beləliklə, dövlətlər yeni qərarlar qəbul etmək və yeni mərhələləri adlamaq prosesinə daxil olmuşdular. Türkiyədə baş verən məlum hadisə zamanı da çevriliş təşəbbüsü yenə ordunun içərisindən hərəkətləndirilməyə çalışıldı, lakin qeyd etdiyiniz kimi, xalqın öz dövləti və dövlətin strateji qurumları ilə birgə, çiyin-çiyinə fəaliyyəti nəticəsində bu təhlükə dəf edildi. Nəticə etibarilə, Türkiyə öz inkişaf yoluna qətiyyətlə davam etdi.
Bu tarixi sınağın ən mühüm nəticələrindən biri də o oldu ki, Türk hərb sənayesi keyfiyyətcə tamamilə yeni bir mərhələyə qədəm qoydu. Bildiyiniz kimi, xüsusilə NATO-nun son sammitində də aydın olduğu üzrə, dünya artıq hərbi sənayenin həlledici rol oynadığı yeni bir dövrə daxil olur. Türkiyə bu hadisədən sonra da müdafiə sənayesində başlatdığı intibahı davam etdirərək onu daha da inkişaf etdirdi. Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələri də İkinci Qarabağ müharibəsində məhz Türkiyənin hərbi sənaye məhsulu olan pilotsuz uçuş aparatlarını (PUA) satın almaq və bu texnoloji imkanlardan yararlanmaqla tarixi hərbi-siyasi zəfərə imza atdı.
Bu günlərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri öz çıxışında Prezident İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin və xalqının hər zaman Türkiyənin, türk xalqının yanında olduğunu xatırlatdı və buna görə Türkiyə dövləti adından öz dərin minnətdarlığını və şükranlığını bildirdi.
Bu baxımdan, Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanmış Şuşa Bəyannaməsi və müttəfiqlik sənədi əsla bir təsadüf deyil. Bunun arxasında böyük bir tarixi keçmiş dayanır. Qafqaz İslam Ordusundan başlayan bu qardaşlıq və birgə mübarizə tarixi, illər əvvəl baş vermiş məlum təşəbbüs zamanı və digər strateji sınaqlarda hər iki dövlətin bir-birinə verdiyi sarsılmaz dəstəkdə özünü aydın şəkildə büruzə verir. Beləliklə, ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" ifadəsinin və Azərbaycan-Türkiyə münasibətlərinin bu milli xətt üzərində qurulmasının nə dərəcədə böyük və əsaslı reallıqlara söykəndiyini bir daha əyani şəkildə görmüş oluruq.
Nəticə olaraq, bu təhdid xalqın iradəsi ilə uğurla dəf olundu və Türkiyə dövləti qlobal siyasətdəki yerini möhkəmləndirərək, öz gücünü artırmaqla yoluna davam edir. Burada xüsusilə hərbi sənayenin və yüksək texnoloji inkişafa əsaslanan hərb sənayesinin rolunu xüsusi qeyd etmək lazımdır".
Turqut Ansari
18:49 15.07.2026
Oxunuş sayı: 70