Futbolçular azərkeş təzyiqi səbəbindən oyuna çıxmaq belə istəmirlər - veteran futbolçu
Futbol meydanlarında yaşanan gərginlik təkcə 90 dəqiqə ilə yekunlaşmır. Dünyanın müxtəlif ölkələrində uduzan komandaların azarkeşlərinin törətdiyi iğtişaşlar, zorakılıq halları və aqressiv davranışlar son illər daha çox müzakirə olunur. Mütəxəssislər hesab edirlər ki, bu cür hadisələr yalnız ictimai asayişə deyil, futbolçuların psixoloji durumuna, komandaların oyun keyfiyyətinə və ümumilikdə idman mühitinə də mənfi təsir göstərir. Bəzi ölkələrdə rəqabət artıq idman çərçivəsini aşaraq sosial və psixoloji problemə çevrilib.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən veteran futbolçu Aslan Kərimov bildirib ki, azarkeşlərin aqressiv davranışları futbolçular üzərində ciddi psixoloji təzyiq yaradır və bu, onların çıxışına birbaşa təsir edir: "Bu problem qlobal xarakter daşıyır və xüsusilə bəzi ölkələrdə daha qabarıq şəkildə özünü göstərir. Minlərlə azarkeşin oyunçulara qarşı nalayiq ifadələr işlətməsi, şəxsiyyətlərini hədəf alan şüarlar səsləndirməsi, hətta bunun üçün xüsusi mahnılar hazırlanması futbolçular üzərində ciddi psixoloji basqı yaradır. Bəzi hallarda oyunçular bu təzyiq səbəbindən oyuna çıxmaq belə istəmirlər. Belə amillər oyun keyfiyyətinə də mənfi təsir göstərir.Bəzən bir oyunun nəticəsinə həddindən artıq önəm verilir və idman öz mahiyyətindən uzaqlaşaraq sanki ölüm-dirim məsələsinə çevrilir. Bu isə həm futbolçular, həm də azarkeşlər üçün sağlam olmayan psixoloji mühit formalaşdırır".

Problemin yaranmasında idmanın siyasiləşdirilməsi, ifrat millətçilik, maddi və prestij amilləri də mühüm rol oynayır: "Xüsusilə tarixi derbilərdə emosiyalar idarəolunmaz həddə çatır və rəqabət idman çərçivəsini aşır. Latın Amerikasında "Boca Juniors" – "River Plate", Türkiyədə isə "Qalatasaray" – "Fənərbağça" və "Fənərbağça" – "Trabzonspor" qarşılaşmalarını buna nümunə göstərən ekspert bildirib ki, qələbənin bütün mənəvi dəyərlərdən üstün tutulması azarkeşliyin aqressiyaya çevrilməsinə səbəb olur. Bu problemin həllində ilk addımı məhz klublar atmalıdır. Klub rəhbərlərinin və məşqçilərin aqressiv açıqlamaları, rəqibə qarşı sərt ritorikası azarkeşləri də eyni davranışa sövq edir. Buna görə də klublar "nəyin bahasına olursa-olsun qələbə" düşüncəsindən uzaqlaşmalı, rəqibi düşmən kimi deyil, idman rəqibi kimi təqdim etməlidirlər. Eyni zamanda nifrət nitqi yayan azarkeşlərə qarşı ciddi sanksiyalar tətbiq edilməsinin və maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Azərbaycanda vəziyyət bir çox ölkələrlə müqayisədə daha sakitdir. Ölkəmizdə azarkeşlər arasında əsasən zarafat və yüngül atışmalar müşahidə olunur, kütləvi iğtişaşlar və təhlükəli zorakılıq halları isə demək olar ki, yaşanmır. Vaxtilə "Xəzər Lənkəran" – "Neftçi", hazırda isə "Qarabağ" – "Neftçi" və "Sabah" – "Qarabağ" kimi prinsipial oyunlarda da rəqabət əsasən idman çərçivəsində qalır. Azərbaycanda əsas problem azarkeş aqressiyası deyil, əksinə, yerli çempionat oyunlarına tamaşaçı marağının aşağı olmasıdır. Onun fikrincə, ölkəmizdə futbolun inkişafı üçün azarkeş sayının artırılması və sağlam azarkeş mədəniyyətinin daha da gücləndirilməsi vacibdir".
Zeynəb Həsən
20:00 15.07.2026
Oxunuş sayı: 61