Beynəlxalq hüquq artıq yetəri qədər işləmir
Yaxın Şərqdə gərginliyin coğrafiyası genişləndikcə, münaqişə tərəflərinin hərbi taktikalarında da təhlükəli dəyişikliklər müşahidə olunur. İranın cənub və mərkəzi regionlarında yerləşən, sırf daxili tələbata xidmət edən mineral su istehsalı müəssisələri və strateji su anbarları raket zərbələrinə məruz qalıb. Beynəlxalq media resursları və hərbi analitiklər bu hücumların artıq konvensional müharibə hüdudlarını aşdığını, birbaşa mülki əhalinin həyati əhəmiyyətli resurslardan məhrum edilməsinə yönəldiyini vurğulayırlar.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov hazırda ABŞ-nin İrana qarşı tamamilə yeni bir hücum strategiyası yürütdüyünü bildirib: "Hazırda ABŞ İrana qarşı yeni hücum mərhələsinə başlayıb və var qüvvəsi ilə davam etdirir. Məlum olduğu kimi, əvvəlki mərhələ və ya mərhələlərdə İranın əsasən hərbi obyektləri, nüvə tədqiqat mərkəzləri və müxtəlif dini-siyasi liderləri hədəf götürülürdü. Məqsəd İranı hərbi cəhətdən zəiflətmək idi ki, edilən hücumların qarşısını ala bilməsin və əks həmlələr təşkil etməsin. Bu missiya başa çatdıqdan sonra, yəni İranın üzdə zərbə endirməyə hərbi obyekti qalmadıqda (baxmayaraq ki,İran bu obyektlərin müəyyən hissəsini kamuflyaj etməyə nail olmuşdu) yeni hədəfləri müəyyən etmək sırası gəldi. Təbii ki, bu da İran İslam Respublikasının enerji sektoru, sənaye müəssisələri, su təmizləmə və təchizatı sahələri idi. Bu mərhələdə ABŞ qeyd olunan sahələrə zərbə vurmağa başlayıb. Burada məqsəd artıq İran əhalisinin yaşayışını çətinləşdirmək və bununla onların dövlətə qarşı qalxmasını təmin etməkdir. Mineral su istehsalı müəssisələrinin raket zərbələrinə məruz qalması məhz bu aspektdən izah oluna bilər. Su məsələsinin İran və onun əhalisi üçün nə qədər həssas olması hamıya məlumdur. Mövcud müəssisələrin dağıdılması insanların həssaslığının daha da artması ilə nəticələnəcək. Bununla da ABŞ İran xalqının hakimiyyətə qarşı mübarizəyə qalxa biləcəyinə ümid edir".

Müasir münaqişələrdə mülki əhalinin hədəf seçilməsinin qlobal hüquq sisteminin iflasından xəbər verdiyini vurğulayan ekspert əlavə edib : "Müharibə zamanı mülki obyektlərin hədəf götürülməsinin beynəlxalq hüquqa zidd olmasına gəlincə, onun artıq lazım olan səviyyədə işləmədiyi göz önündədir. Beynəlxalq hüquq işləsəydi, bu müharibənin başlanması belə cinayət hesab olunaraq onu başlayanlar cəzalandırılardı. Yaxud Qəzzada on minlərlə qadın, uşaq, yaşlı öldürüldü. Beynəlxalq hüquq işləsəydi, bu cinayəti törədənlər də indi cinayət məsuliyyətinə cəlb olunardılar".
Fatimə Cabbarlı
16:30 15.07.2026
Oxunuş sayı: 56