Lavrov İrana gedir: Yeni müharibə təhlükəsi
Rusiya və İran arasında cərəyan edən geosiyasi yaxınlaşma, sadəcə iki qonşu dövlətin tərəfdaşlığı deyil, həm də qlobal güc balansını dəyişməyə yönəlmiş strateji bir "alver" masasıdır. Yaxın Şərqdə alovlanan gərginlik fonunda Kremlin Tehrana uzatdığı diplomatik əl, əslində Moskvanın Ukrayna cəbhəsində üzləşdiyi beynəlxalq təcridi yarmaq üçün atdığı praqmatik addımlardan xəbər verir. Rusiya diplomatiyasının ən təcrübəli simalarından olan Sergey Lavrovun İrana səfəri də məhz bu qarşılıqlı asılılıq zəncirinin növbəti həlqəsidir: bir tərəfdə hərbi gərginlik qarşısında diplomatik qalxan axtaran Tehran, digər tərəfdə isə özünün qlobal tənhalığını azaltmaq üçün hər fürsəti dəyərləndirən Moskva. Bu mürəkkəb münasibətlər fonunda tərəflərin atacağı addımlar təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal güc mərkəzlərinin yeni xəritəsini cızmaqdadır. Lavrovun İrana səfəri planlaşdırılması xəbəri də dünya gündəmini zəbt edib. Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-a açıqlama verib: "İran və Rusiya arasındakı münasibətlər hazırda ciddi müzakirə mövzusudur. Hazırda İrana qarşı müəyyən hücumlar gözlənilir. Təbii ki, Rusiya da burada maraqlı bir tərəf kimi çıxış edir.

Xüsusilə nəzərə alaq ki, ABŞ və İsrailin İrana müdaxiləsi zamanı birbaşa hərbi kömək olmasa da, Rusiya diplomatik müstəvidə müəyyən addımlar atmağa çalışırdı. Düzdür, Moskvanın bu səyləri Tehranı tam qane etmirdi. Hətta indinin özündə də Rusiyaya qarşı “real addımlar atılmadı, lazım olan səviyyədə münasibət göstərilmədi” kimi müəyyən tənqidlər var. Ancaq onu da qeyd edək ki, Rusiya diplomatik platformalarda ABŞ və İsrailə müəyyən cavablar verməyə çalışırdı.
Bu baxımdan, Lavrovun İrana gözlənilən səfəri zamanı müzakirə edəcəyi mövzular və səsləndirəcəyi fikirlər olduqca önəmlidir. Bu görüş həm ikitərəfli münasibətlərin gələcək inkişafı, həm də gözlənilən yeni müharibə təhlükəsi fonunda Rusiyanın edəcəyi diplomatik yardımların müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edəcək. Böyük ehtimalla, Rusiya və İran diplomatik müstəvidə birgə hərəkət imkanlarını nəzərdən keçirəcəklər”.
O, bildirib ki, rəsmi Moskvanın da qarşı tərəfdən gözləntiləri var: “Rusiya özünə yaxın olan ölkələrdən Ukrayna məsələsində diplomatik dəstək gözləyir. Çünki hazırda Rusiya-Ukrayna müharibəsinə görə Moskvanın beynəlxalq miqyasdakı nüfuzu və vəziyyəti çox gərgindir, çox çətindir. Buna görə də Rusiya diplomatiyası, xüsusilə də Lavrov kimi təcrübəli və hiyləgər bir diplomat bu fürsəti əldən vermək istəməyəcək. İranla aparılan danışıqlarda onlara göstəriləcək dəstəyin müqabilində, Ukrayna məsələsində ən azından diplomatik dəstək tələb olunacaq".
Turqut Ansari
12:00 15.07.2026
Oxunuş sayı: 52