Azərbaycan və Slovakiya prezidentləri niyə sənədləri dağıdılmış binaların qarşısında imzaladılar? - Mühüm detal açıqlandı
Azərbaycanın Qarabağda həyata keçirdiyi misilsiz bərpa və yenidənqurma epopeyası, sadəcə dağılmış şəhərlərin dirçəldilməsi deyil, müasir dünya tarixinə yazılan yeni bir inkişaf və qətiyyət fəlsəfəsidir. İşğaldan azad edilmiş torpaqlarda "ağıllı" texnologiyalar və yaşıl enerji üzərində qurulan bu yeni həyat, ölkəmizin daxili gücünün nümayişi olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə yeni bir diplomatik mübarizə meydanıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Forumu çərçivəsində Şuşa kimi rəmzi bir məkanda xarici liderləri qəbul etməsi və rəsmi mərasimləri dağıdılmış tarixi binaların fonunda reallaşdırması, dünyaya keçmişin acı həqiqətlərini xatırladan, gələcəyin isə möhtəşəm quruculuq vizyonunu diktə edən strateji bir gedişdir. Bu kontekstdə, Qarabağın yenidən doğuşu həm xalqın öz yurduna qayıdış simvolu, həm də Azərbaycanın qlobal arenada diktə etdiyi yeni reallığın ən bariz təzahürüdür.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib: "Təbii ki, Azərbaycan dünyada unikal bir presedent yaradıb. Ölkəmiz qısa bir müddətdə işğaldan azad olunmuş, tamamilə dağıdılmış və vandalizmə məruz qalmış əraziləri yenidən bərpa edir. Artıq minlərlə insan öz doğma yurduna köçür, Qarabağa yeni həyat qayıdır və burada müasir infrastruktur qurulur. Üstəlik, bu infrastruktur elə bir formada yaradılır ki, dünyanın en aparıcı, ən qabaqcıl şəhərsalma qaydalarına tam uyğun gəlir. Buraya yaşıl zonalar, “ağıllı kənd”lər, "ağıllı şəhər"lər daxildir. İnsanların geri qayıtması, Qarabağda həyatın yenidən canlanması və Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə inkişaf etdirilməsi üçün bu işlərə milyardlarla dollar investisiya yatırılır.
Amma burada mən xüsusi bir məqama da diqqət yönəltmək istərdim. Bu günlərdə Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada çox önəmli bir görüş keçirildi. Bu, simvolik də olsa, olduqca əhəmiyyətli bir faktordur. Avropa liderlərinin diqqətini Qarabağa cəlb etmək baxımından bu addım böyük rol oynayır. Fikir verdinizsə, sənədlərin imzalanma mərasimi də dağıdılmış binaların qarşısında baş tutdu.
Prezidentin bu vizyonu və dünyaya ötürdüyü mesaj məhz ondan ibarətdir ki, törədilmiş bu vandalizm hər kəsin diqqət mərkəzində saxlanılsın, Qarabağ hər zaman dünya xəritəsində və gündəmində fəal şəkildə yer alsın. Beləliklə, gələcəkdə sakinlər də orada tam təhlükəsiz və rahat şəraitdə yaşaya bilsinlər".
Turqut Ansari
11:30 15.07.2026
Oxunuş sayı: 56