Qərb-Rusiya qarşıdurması fərqli mərhələdə: Bu dəfə çox fərqli olacaq!
Fransanın Rusiyanın iddia olunan genişmiqyaslı kibercasusluq kampaniyası ilə əlaqədar Moskvanın Parisdəki səfirini Xarici İşlər Nazirliyinə çağırmaq qərarı kibertəhlükəsizlik və dövlətlərarası münasibətlərdə yeni müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, son illərdə kiberməkanda yaşanan qarşıdurmalar ənənəvi təhlükəsizlik anlayışının sərhədlərini xeyli genişləndirib.

Politoloq Aytən Qurbanova Crossmedia.az-a açıqlamasında bildirib ki, müasir dövrdə ənənəvi müharibələr öz yerini getdikcə kiberməkanda və informasiya məkanında aparılan qarşıdurmalara verir:
"Artıq ənənəvi müharibələr dövrü faktiki olaraq arxada qalıb. Bu gün kiberməkanda həyata keçirilən əməliyyatlar və informasiya müharibəsi dövlətlər üçün hərbi cəbhədə baş verən proseslərdən daha ciddi təhlükələr yarada bilir. Buna görə də informasiya müharibəsinin davam etdiyi indiki mərhələdə Avropa ilə Rusiya arasında kibergərginliyin yaşanması gözlənilən haldır".
Ekspertin sözlərinə görə, son dövrlərdə tərəflərin bir-birini kibercasusluq və kiberhücumlarda ittiham etməsi Qərb-Rusiya qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərir:
"Avropa ölkələrinin Rusiyaya qarşı davamlı ittihamlar səsləndirməsi, Rusiyanın isə buna qarşı cavab bəyanatları verməsi göstərir ki, Qərb-Rusiya qarşıdurmasında kiberhücumlar və informasiya məkanında aparılan mübarizə artıq əsas taktiki vasitələrdən birinə çevrilib. Bu proses eyni zamanda dövlətlərin kibertəhlükəsizlik sahəsində hələ də müəyyən boşluqlarla üzləşdiyini də ortaya qoyur."
A.Qurbanova qeyd edib ki, informasiyanın qorunması və məxfi məlumatların təhlükəsizliyinin təmin edilməsi sahəsində yeni çağırışlar meydana çıxır:
"İnformasiyanın emalı, ötürülməsi və məxfi məlumatların mühafizəsi ilə bağlı tam effektiv mexanizmlərin hələ formalaşmadığı bir dövrdə yeni texnologiyalar yeni təhlükələr də yaradır. Bu səbəbdən həm müharibə, həm də sülh dövründə dövlətlər arasında kiberhücum riski daim aktual olaraq qalacaq."
Politoloqun fikrincə, Fransa ilə Rusiya arasında yaşanan son gərginlik təsadüfi xarakter daşımır:
"Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Avropanın təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı və NATO çərçivəsində kibertəhlükəsizlik məsələlərinin prioritet müzakirə olunduğu bir vaxtda belə hadisələrin baş verməsi gözləniləndir. Bu məsələ təkcə Fransa-Rusiya münasibətləri ilə məhdudlaşmır, ümumilikdə Avropanın təhlükəsizliyi ilə bağlı artan təhdidlərin göstəricisi kimi qiymətləndirilə bilər."
Nigar Xəlilli
16:30 14.07.2026
Oxunuş sayı: 95