Azərbaycan və Özbəkistanın media əməkdaşlığı mədəni əlaqələri də gücləndirəcək
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin direktoru Kobuljon Akhmedov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiyalar şöbəsinin müdirinin birinci müavini Akramjon Fozilov, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Dilşod Saidjanov və Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov ilə görüşüb. Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşməsi fonunda media sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq qazanır. İnformasiya təhlükəsizliyi, dezinformasiyaya qarşı birgə mübarizə, ortaq dəyərlərin və Türk dünyasının gündəminin beynəlxalq auditoriyaya çatdırılması baxımından bu əməkdaşlıq yeni imkanlar yarada bilər.
Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib:

“Media sahəsində əməkdaşlıq, ilk növbədə, informasiya mübadiləsinin daha səmərəli və etibarlı şəkildə təşkil olunması deməkdir. İnformasiya mübadiləsi isə tərəflərin bir-biri haqqında dəqiq, obyektiv və dürüst məlumat əldə etməsinə xidmət edir. Bu baxımdan media qurumları arasında əlaqələrin genişlənməsi məlumatların vasitəçilərdən deyil, birbaşa ilkin mənbədən əldə olunmasına imkan yaradacaq ki, bu da xəbərlərin operativliyini və etibarlılığını artıracaq. Eyni zamanda, belə əməkdaşlıq təkcə informasiya sahəsi ilə məhdudlaşmır. Bu proses ölkələr arasında mədəniyyətin, milli dəyərlərin, tarixi irsin və ictimai həyatın daha yaxından tanıdılması üçün də möhkəm zəmin formalaşdırır. Media vasitəsilə xalqlar bir-birini daha yaxşı tanıyır, qarşılıqlı anlaşma və etimad güclənir”.
Ayhan
17:00 14.07.2026
Oxunuş sayı: 56