Yay Fest 2026-ya start verilib
İştirakçı sayına və müddətinə görə Azərbaycanın ən irimiqyaslı gənclər festivalı olan Yay Fest-ə 2026-cı il üzrə start verilib.
Crossmedia.az xəbər verir ki, iyulun 13-də başlayan festival sentyabrın 4-dək davam edəcək.
Altıncı dəfədir təşkil olunan Yay Fest ötən illər ərzində on mindən çox gənci bir araya gətirərək onların intellektual, şəxsi və peşəkar inkişafına mühüm töhfələr verib, yeni dostluqların və innovativ təşəbbüslərin stimullaşdığı gənclər platforması kimi yadda qalıb. Festival bu gün təkcə açıq havada düşərgə formatında keçirilən layihə deyil, eyni zamanda ölkənin gənclər siyasətinin prioritet istiqamətlərini özündə əks etdirən, gənclərin liderlik potensialının inkişafını, ictimai iştirakçılığını, müasir bacarıqlarının formalaşmasını və dövlətçilik ənənələrinə bağlılığını təşviq edən layihə kimi özünü təsdiq edib.
Şamaxıda keçirilən festivalın cari il üzrə konseptual mövzusu müasir dünyanın inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlər – süni intellekt, rəqəmsal transformasiya və innovasiyalar üzərində qurulub.
Festival çərçivəsində iştirakçılar süni intellekt texnologiyalarının tətbiq imkanları, rəqəmsal həllər, innovasiya ekosistemi və gələcəyin peşələri ilə bağlı ən aktual mövzularda praktiki bilik və təcrübə əldə etmək imkanı qazanacaqlar.
Belə ki, bu il süni intellekt və rəqəmsallaşmaya həsr olunan festivalda "Rəqəmsal Dövlət", "Media və Rəqəmsal Savadlılıq", "Kreativ AI", Müasir Şəhərlər və Texnologiya", "Elm, Etika və Gələcək", "Mühəndislik və Kod", "Startap və Sahibkarlıq" və "AI - İdman və Sağlamlıq" adlı ardıcıl 8 düşərgə təşkil ediləcək. Festival çərçivəsində hər biri 5 gün davam edən düşərgələrdə ümumilikdə 2 mindən çox gənc iştirak edəcək.
Çadır tipli düşərgədə gənclər dövlət qurumlarının, özəl sektorun və texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə interaktiv görüşlərdə, panel müzakirələrdə, vörkşoplar və master-klasslarda iştirak edəcəklər. Eyni zamanda festival müddətində keçiriləcək idman yarışları, intellektual müsabiqələr, komanda quruculuğu oyunları və konsert proqramları iştirakçıların asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların şəbəkələşməsinə və komanda ruhunun inkişafına təkan verəcək.
Qeyd edək ki, düşərgədə iştirak ödənişsizdir və hər bir gənc yalnız bir düşərgədə iştirak etmək hüququna malikdir.
Xatırladaq ki, festival Gənclər Fondunun dəstəyi, İDEA İctimai Birliyinin tərəfdaşlığı, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış" Gənclər Təşkilatı və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
16:34 13.07.2026
Oxunuş sayı: 75