İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına maneələr törətməyə çalışır
ABŞ-nin mühəndislik və konsaltinq şirkəti AECOM-un nümayəndələrinin “TRIPP” layihəsi çərçivəsində yenidən Ermənistana səfər etməsi Zəngəzur dəhlizi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Layihə ərazisində aparılan texniki araşdırmalar bu prosesin hansı mərhələdə olduğu və atılan addımların dəhlizin açılması baxımından nə ifadə etdiyi barədə suallar doğurur. Bəs bu səfər artıq Zəngəzur dəhlizinin açılması kimi qiymətləndirilə bilərmi? Ümumilikdə AECOM nümayəndələrinin Ermənistana səfəri və aparılan texniki araşdırmaları necə qiymətləndirilməlidir?

Mövzu ilə bağlı politoloq Aydın Quliyev Crossmedia.az-a açıqlama verib:
“Zəngəzur dəhlizinin, yaxud TRIP marşrutunun açılması bir neçə mərhələdən ibarət proses kimi qiymətləndirilməlidir. İlk mərhələ, sözsüz ki, dəhlizin açılmasına yönəlmiş siyasi iradənin nümayiş etdirilməsidir. Hazırda biz bu iradəni görürük. Azərbaycan, Ermənistan və ABŞ Zəngəzur dəhlizinin açılması istiqamətində öz siyasi iradələrini ortaya qoyublar. Bundan sonra dəhlizin fəaliyyət rejimini müəyyənləşdirən bəyannamə hazırlanaraq razılaşdırılıb. Həmin bəyannamə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması zamanı Vaşinqtonda qəbul olunub. TRIP marşrutu ilə bağlı Vaşinqtonda qəbul edilmiş bu bəyannamə dəhlizin açılması istiqamətində növbəti mərhələ hesab oluna bilər. Daha sonra TRIP marşrutunun iş rejimi ilə bağlı bu ilin əvvəlində ABŞ və Ermənistan arasında saziş imzalanıb. Artıq demək olar ki, Zəngəzur dəhlizinin açılması istiqamətində növbəti, texniki xarakterli mərhələyə keçid baş verir. Bu baxımdan, ABŞ-dən mühəndislik və konsaltinq şirkətinin nümayəndələrinin Ermənistana səfərini dəhlizin açılması istiqamətində növbəti texniki mərhələ kimi qiymətləndirmək olar”.
Politoloq qeyd edib ki, bundan sonrakı mərhələdə həmin mühəndislik və konsaltinq şirkətinin təqdim edəcəyi layihələr əsasında real işlərin başlanması nəzərdə tutulur: “Bu işlər həyata keçirildikdən və zəruri investisiyalar yatırıldıqdan sonra demək olar ki, Zəngəzur dəhlizinin açılması üçün tələb olunan əsas texniki hazırlıq tamamlanmış olacaq. Lakin bu gün üçün demək olmaz ki, dəhlizin açılması ilə bağlı bütün texniki işlər yekunlaşıb. Ən azı bir-iki texniki mərhələ hələ qarşıdadır. Bununla belə, bütün texniki mərhələlərin başa çatması belə, Zəngəzur dəhlizinin tam açılması anlamına gəlmir. Çünki bu proses yalnız texniki məsələlərdən ibarət deyil, eyni zamanda regional geosiyasi amillərdən də asılıdır. Həmin geosiyasi amillərlə bağlı isə hələ tam razılaşma mövcud deyil. Məsələn, Zəngəzur dəhlizinin açılması prosesində İran və Rusiyanın birbaşa tərəf statusu olmasa da, onların maraqları bu prosesə təsir göstərir. Hazırkı mərhələdə İran və Rusiya ilə bu məsələyə dair hər hansı yekun anlaşmanın əldə olunduğu görünmür. Əksinə, müşahidələr göstərir ki, hər iki ölkə dəhlizin açılmasına ehtiyatla yanaşır və müəyyən maneələr yaratmağa çalışır. Onlar bunu müxtəlif səviyyələrdə dəfələrlə bəyan ediblər. Xüsusilə İran ABŞ ilə son gərginlikdən sonra açıq şəkildə bildirib ki, bu dəhlizdə Amerikanın iştirakını öz milli maraqlarına zidd hesab edir. Rusiya tərəfi isə yüksək səviyyədə bəyan edib ki, sözügedən ərazi Avrasiya İqtisadi İttifaqının iqtisadi-ticarət məkanına daxildir və burada Rusiyanın sərhəd qüvvələrinin mövcudluğu da nəzərə alınmalıdır. Bütün bunlar onu göstərir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı İran və Rusiya ilə hələ tam anlaşılmış və yekun razılaşdırılmış mövqe formalaşmayıb. Bu səbəbdən də hazırkı hadisələri Zəngəzur dəhlizinin artıq açılması və ya açılış ərəfəsində olması kimi qiymətləndirmək hələ tezdir”.
Ayhan
18:00 13.07.2026
Oxunuş sayı: 57