Azərbaycan Prezidenti: Həmişə ABŞ ilə yaxşı münasibətlər qurmaq istəmişik, Trampa dərin minnətdarlığımızı bildiririk
Həmişə ABŞ-la yaxşı münasibətlər qurmaq istəmişik, Trampa dərin minnətdarlığımızı bildiririk.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Prezident Donald Trampın yanaşması ilə əvvəlki ABŞ administrasiyalarının yanaşması arasında böyük fərq var. Təəssüf ki, təxminən 30 il davam edən işğal dövründə ABŞ administrasiyaları, ATƏT-in keçmiş Minsk qrupunun digər həmsədrləri ilə birlikdə BMT Təhlükəsizlik Şurasının özlərinin qəbul etdiyi qətnamələrə əsaslanaraq Azərbaycan ərazilərinin azad edilməsinə deyil, münaqişənin dondurulmasına yönəlmiş siyasət yürüdürdülər. Onların məqsədi vəziyyəti dondurmaq və bundan həm Azərbaycana, həm də müəyyən dərəcədə Ermənistana təsir vasitəsi kimi istifadə etmək idi. Onların fəaliyyəti tam koordinasiyalı şəkildə aparılırdı və ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuzadək davam etməsinə xidmət edirdi. Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. O, sülhü sevən, dünyanın müxtəlif bölgələrində sülh yaradan bir siyasətçidir. Özünün də dediyi kimi, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakteridir, baxışıdır və siyasətidir. Bizim vəziyyətimizdə də onun rolu Azərbaycan və Ermənistan sülh sazişi üzrə danışıqların yekun mərhələsinə çatanda çox mühüm oldu. Prezident Tramp və komandası prosesə qoşularaq elə bir çərçivə yaratdılar ki, sülh mümkün oldu. Onlar sülhlə bağlı narahatlıqlarımızı tam başa düşürdülər. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin zəruriliyini də aydın şəkildə anlayırdılar və Ermənistanı da bu sülhün onun üçün vacib olduğuna inandırmaq istiqamətində çox səmərəli fəaliyyət göstərdilər.
Ağ Evdə keçirilən tarixi görüş zamanı Ermənistanın Baş naziri, Prezident Tramp və mən birgə bəyannamə imzaladıq. Həmçinin Prezident Trampın iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini parafladılar. Bundan başqa, altı ay ərzində Strateji Tərəfdaşlıq Sazişinin hazırlanması üçün birgə işçi qrupunun yaradılmasına dair sənəd də imzaladıq. Düz altı ay sonra bu iş başa çatdırıldı. Mənim təcrübəmdə ilk dəfə idi ki, ABŞ rəsmiləri verdikləri sözə bu qədər dəqiq əməl edirdilər. Beləliklə, ötən ilin avqustundan bu ilin fevralına qədər bütün proses yekunlaşdı və daha sonra vitse-prezident Cey Di Vens Bakıya gəldi. Biz Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bu, həqiqətən heyrətamiz idi. Açığı, belə bir inkişafı yalnız arzulaya bilərdik. Biz həmişə ABŞ-la yaxşı münasibətlər qurmaq istəmişik. Lakin erməni lobbisinin təsiri, Azərbaycana dair stereotiplər, ölkəmizin imkanlarının düzgün qiymətləndirilməməsi buna mane olurdu. Dediyim kimi, Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri idi.
Onun regiona baxışı fərqli idi. Münaqişələr və qarşıdurmalar içində olan regionu idarə etmək daha asan hesab olunurdu”, - Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Prezident Tramp isə tamamilə fərqli xarakterə və fərqli baxışa malikdir: “O, sülh istəyir və sülhü yeni imkanlar yaradan amil kimi görür. İndi Azərbaycan və Ermənistan arasında sülh əldə olunduqdan sonra çox geniş imkanlar yaranıb. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəhlizə öz adını verərək onu TRIPP adlandırıb. Əldə etdiyimiz məlumata görə, həmin layihə üzrə praktiki işlərə bu il başlanması gözlənilir. Bu layihə regionun nəqliyyat xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək və bölgədə əməkdaşlıq üçün yeni müsbət mühit formalaşdıracaq. Biz buna çox ehtiyac duyuruq. Prezident Trampa, şəxsən onun özünə və komandasına dərin minnətdarlığımızı bildiririk. Xüsusilə Stiv Uitkoff və Ari Laytstounun adlarını qeyd etmək istəyirəm. Onlar Prezident Trampla birlikdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında həlledici rol oynayıblar”.
10:17 13.07.2026
Oxunuş sayı: 52