"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" birgə müəssisələrdəki pay hesabına gəlirlərini 24 %-ə yaxın artırıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2025-ci ili 17,535 milyon manat xalis zərərlə başa vurub, halbuki 2024-cü ildən 14,495 milyon manat xalis mənfəətlə çıxmışdı.
Crossmedia.az "Deloitte & Touche" MMC tərəfindən audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il ASCO-nun əsas əməliyyat gəlirləri 476,025 milyon manat (illik müqayisədə 6,9 % çox), satışlarının maya dəyəri 355,498 milyon manat (-2,2 %), digər əməliyyat gəlirləri 32,162 milyon manat (-12,5 %), birgə müəssisələrdəki pay hesabına gəlirləri 22,562 milyon manat (+23,9 %), maliyyə gəliri 8,014 milyon manat (-4,1 dəfə), xarici valyuta mübadiləsindən gəliri 868 min manat (-2,2 dəfə) olub.
ASCO-nun ümumi və inzibati xərcləri 55,517 milyon manat (- 2,3 %), digər əməliyyat xərcləri 87,618 milyon manat (+9,1 %), maliyyə xərcləri 26,067 milyon manat (+47,9 %), mənfəət vergisi ödəmələri 2,855 milyon manat (+3,3 dəfə), sosial xərcləri 3,601 milyon manat (-30,7 %) təşkil edib.
Şirkətin gəmilərin, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi üzrə zərəri 14,701 milyon manat (+9,5 dəfə), gözlənilən kredit zərərləri 5,811 milyon manat (-18 %), xarici valyuta mübadiləsindən zərəri 5,498 milyon manat (+3,4 dəfə) təşkil edib.
Bu il yanvarın 1-nə ASCO-nun aktivləri 1 milyard 768,755 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 8,4 % artaraq 606,379 milyon manata çatıb, balans kapitalı isə 8,3 % azalaraq 1 milyard 162,376 milyon manata enib.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
18:03 11.07.2026
Oxunuş sayı: 59