Qrup mərhələsinə yüksəlməsi gözlənilən klublar açıqlandı
Avrokubokların I təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu üçün uğurlu başlanğıcla yadda qaldı. “Qarabağ”, “Zirə” və “Sabah”ın qələbələri təkcə cari mövsüm baxımından deyil, həm də statistika baxımından diqqət çəkir. Belə ki, Azərbaycan klublarının Avrokuboklarda eyni həftədə keçirdiyi hər üç oyundan qalib ayrılması tarixdə cəmi ikinci dəfə baş verib. Bu nəticələr son illərdə klub futbolunda aparılan işlərin bəhrəsi kimi qiymətləndirilir və Azərbaycan futbolunun inkişaf dinamikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı veteran futbolcu Aslan Kərimov
Crossmedia.az-a açıqlamasında qeyd edib ki, klublararası Dünya Çempionatı
daxili çempionatımızı və klublarımızın oyunlarını diqqətlə izləməyə çox da
imkan vermir: “Amma hər halda nəticələr göz önündədir. Düşünürəm ki, klub səviyyəsində
artım müşahidə olunur. Artıq “Qarabağ” əvvəlki kimi mütləq hegemonluğunu göstərə
bilmir. Ona rəqabət apara biləcək klublarımız formalaşıb. Elə bunun nəticəsidir
ki, Avrokuboklarda ilk mərhələdə qarşılaşdığımız rəqibləri geridə qoymağı
bacarmışıq. Düzdür, hələlik söhbət ilk oyunlardan gedir, amma ən azından
komandalarımız qələbə qazanıblar. Növbəti mərhələdə isə, çox şey rəqiblərdən
asılı olacaq. Əslində, Avrokuboklar başlamazdan əvvəl də qeyd etmişdim ki, dörd
komandamızın hamısı ilk mərhələni keçmək iqtidarındadır. Çünki həm reytinq, həm
də klub səviyyəsi baxımından ilk mərhələdə qarşılaşa biləcəyimiz rəqiblərin hər
birini məğlub etmək gücündə idik. Komandalarımız da bunun öhdəsindən gəldilər”.

Futbolçu əlavə
edib ki, bu, hələ başlanğıcdır: “Hesab edirəm ki, bu il ən azı iki klubumuz
qrup mərhələsinə yüksələ bilər. Hansı turnir olmasının fərqi yoxdur —
Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqası. Düşünürəm ki, iki
komandamızın qrup mərhələsinə yüksəlmək potensialı var. Ən azından bunu görmək
istərdik. Vaxtilə “Qarabağ” və “Qəbələ”, eləcə də “Neftçi” və “Qarabağ” bunu
bacarmışdılar. İndi isə düşünürəm ki, “Sabah” və “Qarabağ” da bunun öhdəsindən
gələ bilərlər. Yəni buna kifayət qədər yaxındırlar. Ümumilikdə isə bu barədə
yalnız müsbət fikirlər söyləyə bilərəm. Hesab edirəm ki, klub səviyyəsində
komandalarımız həqiqətən də ciddi irəliləyişə nail olublar”.
Ayhan
14:00 11.07.2026
Oxunuş sayı: 61