İsrail son kartını oynayır: Trampa qarşı sui – qəsd iddialarının “pərdəarxası”
Qlobal geosiyasətin ən gərgin xətlərindən biri olan Yaxın Şərq regionu bu gün sadəcə hərbi arsenalın deyil, həm də irimiqyaslı informasiya müharibələrinin poliqonuna çevrilmişdir. Müasir münaqişələrin gedişatını idarə edən əsas amillərdən biri hərbi güclə bərabər, ictimai rəyi manipulyasiya etmək qabiliyyətinə malik olan media sferasıdır. Bu kontekstdə, böyük güclərin apardığı "bəyaz piar" və dezinformasiya kampaniyaları real hadisələrin pərdəarxası məqamlarını gizlətməyə xidmət edir. Regional münaqişələrə subyektiv yanaşmalar və beynəlxalq hüququn ikili standartları fonunda ölkələrin suverenliyi, legitim hökumətlərin xalq tərəfindən dəstəklənməsi faktı tez-tez böyük güclərin imperialist maraqlarının kölgəsində qalır. Azərbaycanın yaxın keçmişdə qarşılaşdığı ədalətsiz beynəlxalq təzyiqlər və dezinformasiya dalğası da sübut edir ki, qlobal arenada haqqın deyil, bəzən güclünün səsi daha bərk çıxır. Hazırkı reallıqları düzgün analiz etmək üçün media manipulyasiyalarını və siyasi liderlərin daxili maraqlarına xidmət edən gedişlərini dərindən oxumaq zəruridir. Xüsusilə də son günlərdə İsrail kəşfiyyatının İranın Trampa qarşı sui-qəsd iddialarını gündəmə gətirməsi beynəlxalq ictimaiyyətdə səs-küyə səbəb olub.

Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Crossmedia.az-a açıqlama verib:
"Bu məlumatlarla bağlı onu deyə bilərəm ki, İsrail kəşfiyyatı burada yenə də özünü qabardır: guya onların hər şeydən xəbəri var. Hətta bu xəbərləri yaymaqla diqqətə çatdırmaq istəyirlər ki, guya İran isteblişmentinin daxilində adamları, məlumatverənləri mövcuddur. Nəhayət, siyasi cəhətdən çalışırlar ki, onsuz da asan olmayan, gərgin vəziyyəti bir qədər də kəskinləşdirsinlər.
Ümumiyyətlə, 2025-ci ilin iyununda başlayan bu müharibədə ilkin olaraq 12 günlük bir faza oldu. Sonra, 2026-cı ilin fevralın 28-də artıq Xameneini qətlə yetirdilər və ikinci faza-40 günlük müharibə başladı. Burada Qərbin və İsrailin ən güclü silahı, sadəcə saxta xəbərdir.
Çünki dünyanın media sferasını əhatə edən və özündə cəmləşdirən, əsasən, yəhudi lobbisinin maliyyəsidir. Bir müddət əvvəl Suriyanı, İraqı bu cür atəşə tuturdular. Netanyahunun özünün belə bir etirafı var: "Mən 40 ildir ki, İrana hücum etmək, onu parçalamaq, dağıtmaq arzusunu özümdə daşıyıram." Hələ 1997-1998-ci illərdə mənə də deyirdilər ki, iki-üç həftədən sonra İranın nüvə silahı hazır olacaq. Bəs nə oldu? 90-cı illərdən bəri bu qədər il keçib, necə olur ki, bu silah hələ də hazırlanır?
Yəni bu adam yalan xəbərlərlə dünyanın ictimai fikrini yayındırmağa, diqqəti özündən kənara çəkməyə çalışır. Çünki, onun barəsində ən azı üç cinayət işi var ki, bunlardan biri dələduzluq ikisi isə korrupsiya ilə bağlıdır. Əlbəttə, o, "Vəziyyət nə qədər pis olsa, şəxsən mənim üçün bir o qədər yaxşıdır" prinsipi ilə hərəkət edir. Amma belə bir yanaşma uzun sürə bilməz.
İndi də Trampa qarşı sui-qəsd hazırlanır iddiaları gündəmdədir. Belə olan halda sual yaranır. Netanyahuya kim icazə verir ki, Beyrutun şiələr yaşayan Dahiya bölgəsində cəmi bir nəfəri-Həsən Nəsrullahı-məhv etmək naminə, çoxmərtəbəli üç binanı 80 tonluq bombalarla yerlə-yeksan etsin? Yəni siz bir nəfərin ardınca düşərək yüzlərlə günahsız insanı məhv edirsiniz. Buna sizə kim ixtiyar verib? BMT buna icazə verib, yoxsa hansı mənəviyyatdan danışırsınız ki, özünüz silsilə, ardı-arası kəsilməyən cinayətlərə imza atırsınız?
Bu vəziyyətdə məşhur misal yada düşür: "Ara qarışıb, məzhəb itib". Məhz bu imperialist qüvvələr bütün dünyada xaos yaratmağa çalışırlar ki, hamını çökdürsünlər. Bilirsiniz, belə bir qayda var: əgər oyunda bütün oyunçular yerə yıxılarsa, ayağa ilk duran kim olar? Təbii ki, gücü və resursu daha çox olan. Yəni Amerika özünə çox arxayındır ki, bir çox ölkələri çökdürəcək və özü yıxılsa belə, hamıdan tez ayağa qalxacaq. Bunun kölgəsində quyruq bulayan isə İsraildir”.
O, bildirib ki, deyilənlərin əsası yoxdur: “İsrail rəhbərliyi cidd-cəhdlə çalışır ki, ümumiyyətlə, İranı dünyanın gözündə şərləsin, onu ən mənfur bir qüvvə kimi təqdim etsin. Amma bu, düzgün deyil. Çünki İran hələ ki heç kimə birbaşa hücum etməyib. Digər tərəfdən, İranın da özünü müdafiə etmək haqqı var. Necə ki bizim öz haqqımız var idi: Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxlayarkən həmin Qərb, həmin Amerikanın isteblişmenti(Bayden administrasiyası) Fransa, Avropa İttifaqı və digərləri bizi günahkar sayırdılar. Təcavüzə məruz qalan biz idik, amma onlar Ermənistana bəraət qazandırırdılar. İndi də həmin Amerika ilə İsrailin İrana qarşı etdiyi təcavüzü ağ boyalarla bəzəməyə çalışırlar; güya bunlar vacib bir iş görürlər. Əgər bir ölkənin rejimi xalq tərəfindən dəstəklənirsə, sizin o rejimi dəyişməkdə məqsədiniz nədir? Biz özümüz də gördük ki, insanlar necə böyük bir izdihamla keçmiş ali dini lider Seyid Əli Xameneini son mənzilə yola saldılar. Siz buna necə rejim deyə bilərsiniz? Bu, rejim deyil, hökumətdir və həmin hökumət də insanların əksəriyyəti tərəfindən dəstəklənir. Siz heç bir vəchlə onların öhdəsindən gələ bilmirsiniz. Niyə? Çünki İran İraq müharibəsindən sonra başa düşdü ki, o, tək qalacaq və yeganə nicat yolu öz müdafiə sistemini gücləndirməkdədir. Bunu da etdilər. İndi isə, demək olar ki, Donald Tramp Körfəzdə sözün əsl mənasında ilişib qalıb və çıxış yolu tapa bilmir. Görürsünüz, balaca bir insident oldu, yenə hərbi qarşıdurma fazası yarandı və heç nə qazanmadı. Yenə də iddia edir ki, güya İran onlardan danışıqlar tələb edir və ya xahiş edir. Amma bu gedişin necə olacağı bəlli deyil. İran da, necə deyərlər, öz quyruğunu ələ vermir.
Bu proseslərdə yalan xəbərlərin öndə getdiyini və dünyanı guya Donald Trampa sui-qəsd hazırlandığına inandırmağa çalışdıqlarını görürük.
Qeyd edim ki, bizim üçün, Azərbaycan üçün o, çox yaxşı bir tərəfdaşdır, digər tərəfdən dövlət başçımıza münasibəti müsbətdir. Amma dünya çapında elə səhvlərə yol verir ki, sadəcə öz mövqelərini zəiflədir və çökdürür. İndi proseslər necə olacaq, bilmirəm. Amma hər halda, Trampın son məqamlarda dediyi sözlər, səsləndirdiyi anonslar və çağırışlar artıq heç bir qüvvə, o cümlədən avropalılar tərəfindən eşidilmir. Çünki, Donald Tramp bəzi Qərb ölkələrində ona verilmiş etimad kreditini, demək olar ki, darmadağın etdi və öz nüfuzunu şübhə altında qoydu".
Turqut Ansari
13:00 11.07.2026
Oxunuş sayı: 62