Bakıda "Media və dekolonizasiya" mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakıda iyulun 11-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı (BTQ) ilə "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bu barədə Crossmedia.az-a BTQ-dən məlumat verilib.
Bildirilib ki, müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təşkil olunan ilk belə platforma olan konfrans həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada keçiriləcək.
Konfransda keçmiş və indiki müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri və media nümayəndələri, jurnalistlər, siyasi şərhçilər, diaspor təşkilatlarının nümayəndələri, media və kommunikasiyalar üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, tədqiqatçılar, diplomatlar və dövlət qurumlarının nümayəndələri və yerli medianı təmsil edən şəxslər iştirak edəcək.
Həmçinin neokolonial istismara məruz qalan və müstəmləkə əsarəti altında yaşayan xalqların və etnik azlıqların səsinin beynəlxalq informasiya məkanında gücləndirilməsində medianın rolu və qarşıda duran çağırışlar müzakirə olunacaq.
Tədbirdə uzun illər kölgədə saxlanılmış müstəmləkə həqiqətlərinin – ərazilərin iqtisadi istismarı, təbii sərvətlərin talanı, mədəni kimliyin silinməsi, sistemli ayrı-seçkilik, yerli xalqlara qarşı repressiyalar, habelə Kanaki (Yeni Kaledoniya) və Boneyra nümunəsində yerli əhalinin demoqrafik tərkibinin məqsədli şəkildə gəlmə əhali hesabına dəyişdirilməsi siyasətinin beynəlxalq mediada işıqlandırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.
Konfrans çərçivəsində müstəmləkə ərazilərində yaradılan süni informasiya blokadasının aradan qaldırılması, dezinformasiya və saxta məlumatlarla mübarizədə qabaqcıl süni intellekt alətlərinin tətbiqi, jurnalistlər və media qurumları arasında beynəlxalq koordinasiya şəbəkəsinin yaradılması, beynəlxalq media təşkilatları və yerli jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi ətrafında fikir mübadiləsi aparılacaq.
Müzakirələrdə medianın dekolonizasiya proseslərində yalnız informasiya ötürən vasitə deyil, həm də müstəmləkə siyasəti yürüdənlərə beynəlxalq təzyiq mexanizmi kimi rolu xüsusi vurğulanacaq.
Bu kontekstdə müstəmləkə cinayətlərinin sənədləşdirilməsi, kolonial narrativlərin ifşası, müstəmləkə dövlətlərinin rəsmi informasiya siyasətinin faktlara əsaslanan araşdırmalarla yoxlanılması, yerli xalqların mövqeyinin beynəlxalq auditoriyaya çatdırılması, insan hüquqları pozuntularının monitorinqi, ekoloji ədalət məsələlərinin, o cümlədən Qvadelup və Martinikdə xlordekon pestisidinin yaratdığı fəsadların qlobal gündəmdə daim saxlanılması, reparasiya tələblərinin təşviqi, habelə Kanak, Maohi, Qvadelup, Martinik, Boneyra, Sint Martin və digər müstəmləkə ərazilərində fəaliyyət göstərən jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti institutları arasında beynəlxalq həmrəylik və əməkdaşlıq şəbəkələrinin formalaşdırılması istiqamətində praktiki təşəbbüslər müzakirə ediləcək.
13:08 10.07.2026
Oxunuş sayı: 59