Bakıda keçiriləcək IBA Çempionlar Gecəsi öncəsi boksçular üz-üzə gəliblər
IBA Çempionlar Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, İçərişəhərdə – Qız Qalasının yaxınlığında təşkil olunan tədbirdə yarış iştirakçıları tərəziyə çıxıblar.
Ardınca onlar üz-üzə gəliblər və bu, mərasimə qatılan azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.
Dünyanın ən güclü boksçularının iştirakı ilə “Sea Breeze Resort”da baş tutacaq IBA Çempionlar Gecəsi iyulun 10-da keçiriləcək. Yarışda Sübhan Mamedov (47,6 kiloqram) Riçard Qardla (Filippin), Tayfur Əliyev (60 kiloqram) Xurşidbek Rasuljonovla (Özbəkistan), Sərxan Əliyev (70 kiloqram) Nurtas Ajbenovla (Qazaxıstan), Nəbi İsgəndərov (70 kiloqram) Hikmət Qarayevlə (Rusiya) və Səidcəmşid Cəfərov (72,6 kiloqram) Nikolay Veselovla (Belarus) gücünü yoxlayacaq. Boksçularımızın hər birinin döyüşü 6 raunddan ibarət olacaq.
Digər görüşdə isə Çeerav Aşalayevlə (Rusiya, 76,2 kiloqram) Mixail Dolqolevets (Belarus) münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşma 8 raund davam edəcək.
Qeyd edək ki, IBA Çempionlar Gecəsi saat 19:00-da start götürəcək.
21:18 09.07.2026
Oxunuş sayı: 52