Avropa İttifaqı Ermənistanda boğulan "demokratiya"ya qarşı susmağı seçdi
Ermənistanın tanınmış iş adamı, “Çiçəklənən Ermənistan” Partiyasının lideri və müxalif siyasətçi Qaqik Tsarukyan həbs olunub. Bu hadisə ölkədə müxalifətə qarşı təzyiqlərin yeni dalğası kimi qiymətləndirilir. Son dövrlərdə Ermənistanda bir neçə müxalifətçi və tanınmış şəxslərin həbsi fonunda ölkədə demokratiyanın boğulduğu, siyasi rəqabətin məhdudlaşdırıldığı barədə ciddi narahatlıqlar səslənir. Avropa Şurası, Avropa Parlamenti və digər Qərb institutları Azərbaycanda hər hansı hadisə baş verdikdə dərhal sərt bəyanatlar verərək “demokratiya və insan hüquqları” mövzusunu ön plana çəkirlər. Lakin Ermənistanda müxalifət liderlərinin ardıcıl həbsi zamanı eyni institutlardan demək olar ki, səsləri gəlmir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
"Ermənistanda keçirilən son ümumi seçkilərdən sonra seçkilərdə iştirak edən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan həbs edilib. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Tsarukyan dövlət çevrilişinə cəhd, maliyyə spekulyasiyaları və digər iqtisadi cinayətlərlə bağlı ittiham olunur. Lakin hər kəsə aydındır ki, bu ittihamlar hüquqi və iqtisadi əsaslandırma görüntüsü yaratmaq üçün irəli sürülüb. Əslində isə Qaqik Tsarukyan siyasi fəaliyyətinə və seçkilərin nəticələrini tanımadığına görə həbs edilib. Əgər oxşar hadisə hər hansı başqa ölkədə baş versəydi, böyük ehtimalla artıq Avropa insan hüquqları təşkilatlarının və Avropa Şurasının sərt bəyanatlarını eşidərdik. “Siyasi həbslər başlayıb” adı altında çoxsaylı ittihamlar və tənqidlər səsləndirilərdi. Amma nədənsə, məsələ Ermənistana gəldikdə vəziyyət dəyişir".

Deputat qeyd edib ki, bu, iki mühüm səbəblə bağlıdır: "Birincisi, Qərbin insan hüquqları təşkilatlarının və Avropa Şurasının yanaşmasında əvvəldən belə bir qənaət formalaşıb ki, Ermənistan daha demokratik ölkədir və onlar da qiymətləndirmələrini bu yanaşmadan çıxış edərək aparırlar. Məhz buna görə də 30 illik işğal dövründə bu təşkilatların Ermənistanla bağlı ciddi və sərt bəyanatlarını eşitmədik. Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqlarının pozulması ilə bağlı da onların prinsipial mövqeyinin şahidi olmadıq. Əksinə, müxtəlif demokratiklik reytinqlərində Ermənistanın Azərbaycanın önündə göstərildiyini gördük. Bu gün də müşahidə etdiyimiz yanaşmanın əsas səbəblərindən biri məhz budur. İkinci səbəb isə ondan ibarətdir ki, hazırda Avropa Ermənistanı Rusiya ilə geosiyasi rəqabət kontekstində özünə daha da yaxınlaşdırmağa çalışır. Bu siyasəti həyata keçirəcək əsas siyasi fiqur isə Nikol Paşinyandır. Məhz buna görə də Paşinyan hakimiyyətinin atdığı addımlara qarşı daha loyal münasibət nümayiş etdirilir".
Ayhan
19:00 09.07.2026
Oxunuş sayı: 113