Bakının zibillik problemi - bəs zibilqabılar haradadır?
Müasir şəhərsalma və urbanizasiya proseslərində ekoloji təmizliyin qorunması və vətəndaş məmnuniyyəti ən aktual məsələlərdən biri olaraq qalır. Lakin bir çox hallarda düzgün qurulmayan infrastruktur və plansız yanaşmalar sakinlər üçün ciddi çətinliklər yaradır. Xüsusilə küçələrdə zibil qutularının sayının azlığı və qeyri-bərabər paylanması həm vətəndaşların gündəlik rahatlığına mənfi təsir edir, həm də şəhər estetikasına ciddi zərbə vurur. İnsanların kilometrlərlə yol qət etməsinə baxmayaraq, əlindəki tullantını ata biləcək bir qutu tapa bilməməsi problemin miqyasını daha da böyüdür.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Elçin Bayramlı şəhər mühitindəki bu ekoloji və inzibati problemin köklərini dərindən təhlil edərək aidiyyəti qurumların məsuliyyətini və vətəndaş tələbkarlığının önəmini vurğulayıb: "Hər gün küçələrdə təmizlik işçilərinin necə böyük zülm çəkdiklərini görürük. Səkilərdən, avtomobil yollarından zibilləri süpürmək, bəzən uzun məsafələrdə onları əllə tək-tək toplamaq məcburiyyətində qalırlar. Halbuki ehtiyac olan nöqtələrə zibil qatları qoyulsa, həm şəhər təmiz qalar, həm də bu insanların işi yüngülləşər. Bu məsələ birbaşa yerli kommunal xidmət idarələrinin günahıdır. Hər bir ərazi idarəsi öz sahəsində harada ehtiyac olduğunu müəyyənləşdirməli, mərkəzi idarədən bu qabların tədarükünü tələb etməli və yazılı şəkildə məlumat verməlidir".

Şəhərin mərkəzi ilə kənar məhəllələri arasındakı fərqə diqqət çəkən ekspert vurğulayıb ki, zibil qabları yalnız vizual görüntünün önəmli olduğu yerlərdə sıxlaşdırılmamalıdır: "Nədənsə şəhərin mərkəzində addımbaşı zibilqabı gördüyümüz halda, bir az kənara çıxan kimi bu qablar tamamilə yoxa çıxır. Biz bu işləri turistlərə görə yox, öz xalqımız, öz ölkəmiz üçün etməliyik. Əks halda, kənara çıxan turist də şəhərimizin digər hissələrində zibil tayalarını görəcək ki, bu da heç bir normal və sağlam yanaşmaya sığmır".
E.Bayramlı problemin həllində vətəndaş fəallığının da mühüm rol oynadığını qeyd edib: "Bu problemin həllinin başqa yolu yoxdur.Sistem hər iki tərəfdən işləməlidir. Sakinlər də aktiv olmalı, harada zibil qabı çatışmırsa, harada problem varsa, aidiyyəti qurumlara müraciətlər etməli, tələb irəli sürməlidirlər. Bu müqabilində həmin idarələr də zibil qablarını bütün mümkün və lazımi yerlərdə müntəzəm şəkildə yerləşdirməlidir. Yalnız bu yolla biz şəhərimizi təmiz saxlaya bilərik və zibillərin vaxtında daşınması işi də maksimum dərəcədə rahatlaşar".
Yasamal rayon icra hakimiyyəti məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirib ki, Yasamal rayonunun ərazisində yetərincə urnalar mövcuddur, tədricədən də əlavə olaraq quraşdırılır. Küçələrə mütəmadi baxış keçirilir, köhnə zibilqabılar yeniləri ilə əvəz olunur, çatışmayan ərazilərə isə quraşdırılır.
Fatimə Cabbarlı
18:00 08.07.2026
Oxunuş sayı: 63