Avropanın təhlükəsizliyi birbaşa ABŞ-dən asılıdır
Qlobal təhlükəsizlik balansının yenidən qurulduğu bir dövrdə "Reuters" agentliyinin NATO üzvü olan Avropa dövlətləri və Kanadanın hərbi büdcələrini kəskin artırması ilə bağlı yaydığı son hesabat ciddi geosiyasi müzakirələrə yol açıb. Müdafiə strategiyalarının bu cür radikal şəkildə değişməsi təkcə kənar qlobal təhdidlərlə deyil, həm də transatlantik ittifaq daxilindəki müstəqillik axtarışları ilə birbaşa bağlıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev, müttəfiqlərin silahlanma siyasətinin pərdəarxası məqamlarını və ABŞ faktorunu dərindən təhlil edərək bildirib:
"Kanadanın hərbi xərclərinin artmasının səbəbi son zamanlarda bu ölkə ilə, onun təhlükəsizliyi ilə bağlı olan məsələlərdir. Bu dönəmdə Amerika Birləşmiş Ştatları tərəfindən Kanadaya çox təhdidlər yağdırılıb və təbii ki, Kanada bu təzyiqlərlə razı deyil. Eyni zamanda Rusiya və Çinin də Kanada ətrafındakı fəallığı artıb. Buna görə Kanada öz müdafiə qüvvələrinin gücünü artırmaq üçün hərbi xərclərini artırmış ola bilər".

Politoloq qeyd edib ki, Avropada bu məsələ tamamilə təhlükəsizlik problemləri ilə bağlıdır: "Çünki Avropanın təhlükəsizliyi ilə bağlı çox ciddi problem var. Rusiya-Ukrayna müharibəsi Avropanın şərq qisminin təhlükəsizliyində də ciddi problemlərin olduğunu birüzə verdi. Rus dronlarının tez-tez Polşa üzərində hücumlar həyata keçirməsi, eyni zamanda Baltikyanı ölkələrə Rusiya tərəfindən təhdidlərin yağdırılması və onların da hava məkanının tez-tez pozulması Avropanın şərq qisminin təhlükəsizliyində çox ciddi boşluqların olduğunu göstərdi".
Yaranan regional boşluqlardan bəhs edən Z.Əmrəliyev əlavə edir ki, bu vəziyyət buranın təhlükəsizliyinin təmin olunması üçün həmin ölkələrin özlərinin də NATO-dan kənar, öz hərbi qüvvələrini artırmasına ehtiyac olduğunu bir daha sübut etdi: "Çünki baş verən bu münaqişə və Rusiyanın Avropanın təhlükəsizliyini təhdid etməsi bir fikri ortalığa qoydu: Türkiyəni çıxmaq şərtilə, əslində Avropanın təhlükəsizliyi birbaşa Amerika Birləşmiş Ştatlarından asılıdır. Avropa dövlətləri NATO-nun inkişafında çox da belə əhəmiyyətli rola malik deyillər, burada əsas güc Amerika Birləşmiş Ştatlarıdır. ABu fikir artıq təsdiqləndi ki, Avropanın təhlükəsizliyi birbaşa ABŞ-dan asılı vəziyyətdədir. Buna görə də həmin ölkələrin müdafiə büdcələrini artıraraq, dolayı yolla Amerika Birləşmiş Ştatlarının asılılığından qurtulmağa çalışması tamamilə başadüşüləndir. Bu siyasəti Avropa ilə bərabər, əlbəttə ki, Kanada da aparır. Bu addımlar daha çox Rusiya və Çinin qarşısında dayanmaqla yanaşı, həm də Amerika Birləşmiş Ştatlarının boğucu təsirindən qurtulmaq üçün atılır".
Fatimə Cabbarlı
17:00 08.07.2026
Oxunuş sayı: 45